Siyasət 17 Mart 2023, 12:32 | Baxış sayı: 17
“Almaniya Azərbaycanın mavi yanacaq ehtiyatlarından yararlanmaq istəyir”

“Avropanın aparıcı dövləti olan Almaniyaya bir neçə günlük fasilə ilə Cənubi Qafqazın iki dövlət başçısının səfəri gerçəkləşdi. Əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, sonra isə Azərbaycan Prezidenti İlham Əliyev. Ermənistan liderinin səfəri Azərbaycandan ənənəvi şikayətlərlə yadda qaldısa, Azərbaycan Prezidentinin alman iş adamları və şirkət rəhbərləri ilə görüşü ölkəmizin Avropa qitəsi üçün hansı əhəmiyyətə malik iqtisadi tərəfdaş olduğunu bir daha ortaya qoydu. Eyni zamanda, rəsmi Berlinin Azərbaycanla-Ermənistan arasındakı münasibətlərə dair mövqeyinin bir daha səsləndirilməsi nəzərdən qaçmadı”.

Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Elnur Allahverdiyev bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin səfərlərində bir sıra mühüm məqamlar diqqəti cəlb etdi: “Bu səfərlər arasında mediada müqayisələr gözə dəyir, ancaq fikrimcə, Azərbaycanla Ermənistanın beynəlxalq aləmdəki çəkiləri müqayisəedilməzdir. Bu, hər iki ölkənin liderlərinin Almaniyaya səfərləri zamanı aşkar görünürdü. Paşinyan “dəyişikliklər”lə öyünsə də, ən azı bir məsələdə əvvəlkilərdən fərqlənmir: dünya birliyini ənənəvi yalanlarla aldatmaqda. Mövzu bəllidir, Laçın yolu, “125 min erməninin blokadası”, “Azərbaycanın aqressiyası”. Ola bilsin bu, ona daxili siyasi vəziyyəti üçün lazımdır, ancaq dünya birliyi təbii ki, yalanlara o qədər də önəm vermir. Ekoloqların aksiyası artıq 100 gündür davam edir, bu müddət ərzində Laçın yolundan 4 minə yaxın avtomobil keçib, ham hər şeyi gözəl bilir”.

E.Allahverdiyevin fikrincə, Azərbaycanın Avropa qitəsindəki iqtisadi rolu durmadan artır və bunu Prezident İlham Əliyevin alman iş adamları ilə görüşündən görmək olar. “Bu görüşdə iştirak edən şirkətlər var idi ki, illik dövrüyyələri Ermənistan büdcəsindən 3 dəfə çoxdur. Onlar Azərbaycana cəlbedici iqtisadi tərəfdaş olaraq baxırlar, ölkəmizə investisiya və yeni texnologiyalar gətirmək istəyirlər. Bəziləri ilə yüksək texnologiyaların Azərbaycanda istehsalı gündəmdədir. İqtisadi maraqlar “yaşıl enerji”dən tutmuş logistikaya qədər böyük sahəni əhatə edir. Söhbət yüzmilyonlarla dollarlardan gedir. Təbii ki, Paşinyanın Almaniyadakı yalanları bütün bunların fonunda çox aciz təəssürat yaradır” – deyə millət vəkili vurğulayıb.

E.Allahverdiyevin sözlərinə görə, Avropanın bir neçə dövlətinə mavi yanacaq ixrac edən Azərbaycanın bu istiqamətdə Almaniya ilə işbirliyi yaxın gələcəyin məsələsidir: “Görüşlərdə bu məsələnin üzərinə gəlindi. Azərbaycanın ixrac kəmərləri Avropanın mərkəzinə çatır. Almaniya Azərbaycanın mavi yanacaq ehtiyatlarından yararlanmaq istəyir”.

Prezident İlham Əliyevin səfəri daha bir məqam baxımdan önəmli idi. Az əvvəl Paşinyanla görüşdə Almaniyanın baş naziri Olaf Şultsun Qarabağla bağlı bəyanatı yanlış yozulmuş və Ermənistan hakimiyyəti, habelə KİV-i tərəfindən manipulyasiya alətinə çevrilmişdi. “Təbii ki, bunun da ömrü uzun çəkmədi. Cəmi bir neçə gün sonra Azərbaycan lideri ilə görüşü zamanı Şults bütün dünya kimi Almaniyanın da erməni separatçılarının yaratdıqları kvaziqurumu tanımadığını bəyan etdi. Bu təbii ki, gözlənilən idi. Sadəcə olaraq aydın deyil, Paşinyan və hakimiyyəti nəyə ümid edirlər? BMT TŞ-nin 4 qətnaməsinin qeyb olmasına, yoxsa beynəlxalq hüququn aktuallığnı itirməsinə? XİN rəhbəri Mirzoyan dünən Braziliyanın səfirini tutub ona da Azərbaycandan şikayət edib. Gülməlidir” – deyə E.Allaverdiyev vurğulayıb.

Xəbərlər