Cəmiyyət, İqtisadiyyat 1 Noyabr 2021, 13:22 | Baxış sayı: 291
Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumunun dərəcəsi artırılır.

Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumunun dərəcəsi artırılır.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, hazırda alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə 0,05 manat dövlət rüsumu tutulur. Layihəyə əsasən, aksiz markalarının verilməsinə görə vahid rüsum dərəcəsi - 0,07 manat tətbiq olunacaq.
Eyni zamanda məcburi nişanlamanın verilməsinə görə də dövlət rüsumu tətbiq olunacaq. Aksizli mallara məcburi nişanlamanın verilməsinə görə 0,07 manat, məcburi nişanlanmalı olan digər mallara məcburi nişanlanmanın verilməsinə görə 0.03 manat dövlət rüsumu tutulacaq. Bu halda həm aksiz markası, həm də məcburi nişanlama tətbiq edilməli olan mallara yalnız 0,07 manat dövlət rüsumu tətbiq ediləcək.
Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

Xəbərlər