Siyasət 16 Oktyabr 2023, 13:56 | Baxış sayı: 251
"Ali Baş Komandanın rəhbərliyi altında Zəfər tarixi yazıldı, qalib xalqa çevrildik"

Müstəqil dövlətçilik tariximizdə 15 oktyabr 2003-cü il Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ümummilli zəfərimizə gedən yolun başlanğıcına çevrildi.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, hakimiyyətinin ilk günlərindən Prezident İlham Əliyev ordu quruculuğunu dövlət siyasətimizin ən əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi: “Şübhəsiz ki, bu çətin vəzifə özlüyündə bir sıra mühüm komponentləri ehtiva etməklə həm də qarşıya qoyulmuş milli vəzifənin yerinə yetirilməsi güclü iqtisadiyyatın olmasını zəruri edirdi. Buna paralel olaraq vətənpərvər gənc nəslin yetişdirilməsi, ordunun peşəkar keyfiyyətlərə sahib şəxsi heyətdən komplektləşdirilməsi, onun texniki və hərbi təchizatı , daima yenilənən hərbi sənayenin və texnologiyaların ən son nailiyyətlərindən istifadə olunması da güclü ordu yaratmağın əsas şərtləri idi. Ancaq bu da məsələnin hamısı deyildi. Çünki torpaqlarımızın işğaldan azad edilməsi hər nə qədər güclü və intizamlı ordunun olmasını tələb edirdisə, bir o qədər də güclü strateji siyasətin və diplomatiyanın səylərini zəruri edirdi. Azərbaycan öz Prezidentinin rəhbərliyi altında bu mürəkkəb tarixi vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardı. 2003-cü ildən sonra ilk növbədə hərbi xərclər 15 dəfədən çox artırıldı, ordumuz ən müasir silahlar və texnika ilə təchiz olundu, tarixidə ilk dəfə ölkəmizdə milli müdafiə sənayesi yaradıldı, 20-dən çox hərbi zavodda 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılandı. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı, bilik və təcrübi bacarıqları daima təkmilləşdirildi, hərbçilərimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanıldı. Beləliklə, Milli Ordumuz ən mürəkkəb tapşırıqları icra etməyə qadir olan dünyanın ən güclü orduları sırasına daxil oldu. Nəticədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son iki yüzillik tariximizin elə bir Zəfər tarixini yazdı ki, bu Zəfər xalqımızı məğlub edilmiş xalqdan qalib xalqa çevirdi. İşğalçı Ermənistan və hamiləri unuda bilməyəcəkləri dərs aldı”.

Hikmət Babaoğlu qeyd edib ki, torpaqlarımızın hər qarşı düşmən tapdağından qurtardı və ümummilli arzumuz olan Böyük Qayıdış başladı: “Vətən müharibəsindən keçən 3 il müddətində Zəngilana, Füzuliyə, Laçına qayıdış başladı. Qısa müddət ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nəqliyyat və kommunikasiya, enerji və su kommunikasiyaları yaradılmağa başlandı. 19-20 sentyabr 2023-cü il tarixində cəmisi 23 saat ərzində, 1923-cü ildə yaradılaraq dövlətçiliyimizin təməlinə uzunmüddətli mina kimi yerləşdirilmiş 100 illik “Dağlıq Qarabağ” problemi birdəfəlik və həmişəlik həll edildi. Beləliklə Xankəndinin, Ağdərənin, Xocalının, Xocavəndin azad edilməsi ilə tarixi qələbəmizin son akkordları vuruldu. Bu, həm də möhtəşəm 20 ilin zəfər tacı oldu”.

Deputat vurğulayıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni reallığın yaratdığı yeni milli vəzifələri və çağırışlarla mükəlləfdir: “Əminliklə deyə bilərik ki, tariximizin ən çətin imtahanından alnıaçıq çıxmış, ölkəmizdə formalaşan xalq-iqtidar vəhdəti bu tarixi çağırışların da öhdəsindən layiqincə gələcək”.

APA

Xəbərlər