"Ağdam şəhəri dünyada ən gözəl şəhərlərdən biri olacaq".
“Bizim Ağdama gəlməkdə məqsədimiz erməni vandallığının izlərini gözlərimizlə görməkdir. Ermənilər son 30 ildə bu ərazidə dünyada misli görünməmiş vəhşiliklər törədiblər”.
Bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev QHT nümayəndələrinin Ağdama səfəri ilə bağlı APA-ya müsahibəsində deyib. A.Quliyev bildirib ki, ermənilərin tək bir məqsədi olub - Azərbaycanın tarixini, mədəniyyətini silib, yox etmək: “Biz inanırıq ki, Azərbaycan dövləti qısa müddətdə bu torpaqları işğaldan necə azad etdisə, eləcə də quracaq və bərpa edəcək. Bilirik ki, Ağdamın baş planı təsdiq olunub və Ağdam şəhəri dünyada ən gözəl şəhərlərdən biri olacaq. Burada yüz min nəfərlik şəhər salınacaq. Ağdam şəhərinin salınması siyasi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Sonda Ağdam Qarabağın iqtisadi mərkəzi olacaq. Azərbaycan xalqı bu bölgəni barış, sülh mərkəzinə çevirəcək”.
A. Quliyev onu da qeyd edib ki, Ağdama səfər edən QHT nümayəndələrinin erməni vəhşiliyinin nədən ibarət olduğunu xaricdəki tərəfdaşlarına, dünya ictimaiyyətinə çatdıracaqlarına inanır.