Siyasət 28 Noyabr 2023, 18:17 | Baxış sayı: 132
““Abzas Media”nın rəhbərləri sırf konkret cinayət əməlinə görə saxlanılıblar, heç bir siyasi sifarişdən, siyasi həbsdən söhbət gedə bilməz”

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bir çox hallarda təmsil olunduğu ölkələrin daxili işlərinə qarışmaq siyasətini həyata keçirir. Həmin ölkələrdə sosial problemləri, gender bərabərliyini, cinsi azlıqlarla bağlı məsələləri gündəmin əsas mövzusuna çevirir. Beləliklə, ölkədə səfərbər olunmuş cəmiyyətin pozulması, vətəndaş həmrəyliyinin eroziyaya uğraması kimi çirkin niyyətləri həyata keçirmək istəyir. USAID bu məqsədlə bir çox hallarda vətəndaş cəmiyyəti institutlarından, media qurumlarının imkanlarından bəhrələnir. Nəticədə, “əl əli yuyar, əl də üzü” prinsipi işləyir. Xüsusilə son günlər “Abzas Media” qurumu ətrafında baş verənlər dediklərimizi bir daha təsdiqləyir...”

 

Bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, “Abzas Media” rəhbərliyində çalışan şəxslərin saxlanılması, onların həbsləri ilə bağlı qətimkan tədbirinin seçilməsi də təsadüfi olmayıb: “Həbslər məhz onların dumanlı, qaranlıq fəaliyyətləri ilə bağlıdır. Xüsusilə də, USAID, Milli Demokratiya Fondu, Avropa Demokratiyaya Yardım Fondu, German Marşal Fondu, səfirliklər və s. kimi donor təşkilatları ilə əməkdaşlıq çərçivəsində ABŞ və onun müttəfiqləri regionla, konkret ölkələrlə bağlı öz strateji maraqlarını təmin edirlər. Təbii ki, Azərbaycan hüquqi dövlət olduğundan belə qanunazidd hərəkətlərə hüquqi müstəvidə qiymət verir. “Abzas Media” qurumunun rəhbər şəxslərinin saxlanılması sırf konkret cinayət əməlinə görə baş verib, əsaslandırılıb, istintaq prosesi də davam edir. Burada heç bir halda siyasi sifarişdən, siyasi həbsdən söhbət gedə bilməz. ABŞ belə həssas məsələlərdə ehtiyatlı olmalıdır. Azərbaycan eskperimentlər keçirmək üçün məkan olaraq düzgün seçilməyib. Azərbaycanda səfərbər olunmuş cəmiyyət var, burada vətəndaş həmrəyliyi hökm sürür, xalq-hakimiyyət birliyi mövcuddur. Bunu pozmaq, müxtəlif donor təşkilatlar vasitəsilə, ayrı-ayrı media qurumları, vətəndaş cəmiyyəti institutlarını satın alaraq hansısa planlar həyata keçirmək mümkün deyil. Azərbaycan özünə hörmət edən dövlətdir - heç kimə imkan verməz ki, onun daxili işlərinə qarışsın, bizimlə bu dildə davransın, belə ciddi niyyətlər həyata keçirsin”.

pravda.az

Xəbərlər