"ABŞ və Fransa səfirlərinin konfransa qatılmamaları, regionda sülhün olmasını istəmədiklərini göstərir".
Milli Məclisin deputatı Hikmət Babaoğlu sentyabrın 27-də Şuşada təşkil olunan beynəlxalq konfransın əsas məqsədinin regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açmaqdan ibarət olduğunu qeyd edib. Deputat konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirləri ilə bağlı isə bunları deyib: "Bu mühüm konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirlərinin hərəkətləri belə deməyə əsas verir ki, onlar regionda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Ya da regional sülh və beynəlxalq hüquq onların ikili standartlar eynəyindən fərqli göründüyü, qlobal siyasi ambisiyalarla şərtləndiyi üçün yeni reallığı qəbul etmək istəmirlər. Bunların hər ikisi zərərlidir, beynəlxalq hüquq və normalarla izah edilən, normal siyasi məntiqlə başa düşülən deyil. Üstəlik, hazırkı mürəkkəb beynəlxalq kataklizmlər fonunda Avropaya sabit alternativ enerji və nəqliyyat marşrutu təmin edən etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq hüqula tanınan ərazi bütövlüyünə olan münasibətin etibarsızlaşdırılması kimi başa düşülə bilər. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bütün bu mürəkkəb və qeyri-adekvat şərtlər içərisində öz məqsədlərinə çatmağı bacarır. Bu prosesdə çətin imtahanlardan keçən çoxsaylı etibarlı dostlar və müttəfiqlər qazanır".