Siyasət 5 Sentyabr 2023, 18:02 | Baxış sayı: 130
"ABŞ-nin müvəqqəti işlər vəkilinin Qubad İbadoğlunun vəkilləri ilə görüşündə istintaq sirrinin müzakirə olunmadığı barədə sübutlar təqdim etməlidirlər"

"ABŞ-nin Azərbaycandakı səfirliyinin qısa müddət öncə yaydığı məlumata görə, müvəqqəti işlər vəkili Hüqo Qevara Qubad İbadoğlunun işi və hazırkı vəziyyəti ilə tanış olmaq üçün onun vəkilləri ilə görüş keçirib. Sual yaranır, ABŞ səfirliyinin İbadoğlunun işi üzrə marağı nədir? Hüquq nəzəriyyəsində, o cümlədən Roma hüququnda “subyektiv hüquq” anlayışı var. Yəni şəxsin öz hərəkətlərinə hüquqi ixtiyarı, başqa şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Hətta məhkəmə hər hansı iddiaya baxarkən, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırır. İndi çox maraqlıdır ki, müvəqqəti işlər vəkili hansı subyektiv hüquq əsasında hərəkət edərək vəkilləri işin gedişatı ilə bağlı məruzə etməyə çağırır?! Səfirlik iddia edə bilər ki, beynəlxalq hüququn prinsiplərindən biri olması və mühüm beynəlxalq konvensiyalarda tətbiqi insan haqlarını dövlətlərin beynəlxalq öhdəliyinə çevirir. Bəli, həqiqətən də, ABŞ-nin də, Azərbaycanın da beynəlxalq hüququn digər suveren subyektləri kimi insan haqlarının təmini və müdafiəsi üzrə öhdəlikləri mövcuddur. Lakin başqa bir sual meydana çıxır, Vaşinqtona Azərbaycanın beynəlxalq öhdəliklərinə riayət edib-etməməsini qiymətləndirmək haqqını kim verib? ABŞ insan haqlarının ayrılmaz, universal, ali və konsensual xarakter daşıması reallığını qəbul edirsə və bu məsələdə prinsipial olaraq həssasdırsa, 30 il ərzində haqları pozulan bir milyondan artıq azərbaycanlıya münasibətdə hərəkətsizliyi nə ilə izah edə bilər? Qarabağda 25 min erməninin müdafiəçisinə çevrilən ABŞ, 300 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququnu niyə görməzdən gəlir? Görünən odur ki, Vaşinqtonun “həssaslığı” yalnız siyasi məqsədlərə xidmət edir və ABŞ insan hüquqları anlayışına özünün regionda qeyri-sağlam maraqlarını həyata keçirmək üçün vasitə kimi baxır".

 

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 

Deputat qeyd edib ki, ABŞ Dövlət Departamenti ermənilərlə səs-səsə verərək Azərbaycana Qarabağda “blokadaya” son qoymağa rəsmən çağırış edirsə, bu, 10 milyonluq bir xalqın suverenliyinə hörmətsizlikdir: "10 milyonun haqlarına vicdansızcasına laqeyd yanaşıb bir fərdin - İbadoğlunun hüquqlarından dəm vurmaq isə artıq siyasi maraq deməkdir. Hər halda, başqa heç bir məqam Qubad İbadoğlunu ABŞ səfirliyinin nəzərində 10 milyon insandan daha qiymətli etməzdi. Müvəqqəti işlər vəkili unutmamalıdır ki, “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasının preambulasında ifadə olunur ki, diplomatik imtiyazlar və immunitetlər ayrı-ayrı adamların mənfəəti üçün deyil, dövləti təmsil edən orqanlar kimi diplomatik nümayəndəliklərin funksiyalarının səmərəli surətdə həyata keçirilməsini təmin etmək üçün verilir. Bəli, Vyana Konvensiyasının 3-cü maddəsində aydın formada qeyd edilir ki, diplomatik nümayəndəlik yerləşmə dövlətində, yəni Azərbaycanda öz dövləti və öz vətəndaşlarının mənafelərini müdafiə edə bilər. Amma İbadoğlu ABŞ vətəndaşı deyil. Eyni zamanda elə həmin maddənin digər bəndi ilə qəbulediləndir ki, səfirlik yerləşmə dövlətində şərait və hadisələri qanuni yolla müəyyənləşdirsin və bunlar haqqında akkreditə edən dövlətin, yəni özünün hökumətinə məlumat versin. Lakin Konvensiyanın 41-ci maddəsi ilə eyni zamanda diplomatik nümayəndəliyin borcudur ki, yerləşmə dövlətinin qanun və qərarlarına hörmət etsin, həmçinin bu dövlətin daxili işlərinə qarışmasın. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və Cinayət-Prosessual Məcəlləyə əsasən, vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Bunun üçün, tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmasına və konfidensiallığa qanunla təminat verilir.  Eyni zamanda peşə vəzifələrini həyata keçirərkən məlum olan ibtidai istintaqın sirrini təşkil edən məlumatların vəkil tərəfindən yayılması yalnız prokurorun və yaxud müstəntiqin icazəsi ilə ola bilər və ibtidai istintaqın sirrini təşkil edən məlumatların yayılmasında təqsirli olan vəkillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Biz məlum görüş zamanı qanunla qorunan məlumatların səfirliyə ötürülməsi barədə heç bir məlumata sahib olmadığımız və belə bir iddiada olmadığımız kimi, təəssüf ki, istintaq, yaxud vəkil sirrinin pozulmadığını sübut edən dəlillərə də malik deyilik. Səfirlik müvəqqəti işlər vəkilinin “müdir” kimi masanın başda oturaraq vəkilləri özünün işçisi kimi qarşısına düzməsini əks etdirən fotoları paylaşmaqla vəkilliyin nüfuzuna zərbə vurduğu kimi, ən azı stenoqramı yaymaqla “görüş”də vəkil sirri və istintaq sirrinin müzakirə olunmadığı barədə sübutları ictimaiyyətə təqdim etməlidir".

pravda.az

Xəbərlər