Siyasət 13 İyul 2023, 16:43 | Baxış sayı: 163
"ABŞ-ın mövqeyi beynəlxalq hüquqa uyğundur"

Xəbər verdiymiz kimi, ötən gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan və Azərbaycanla sülhün təmin edilməsi istiqamətində telefonla danışıb.

Bu gün isə Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını müzakirə edib.

Maraqlıdır, sülh müqaviləsi istiqamətində ABŞ-ın vasitəçiliyi nəyi dəyişəcək?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu danışdı.

O, bildiridi ki, bu günə qədər aparılan sülh danışıqları prosesində Azərbaycan ABŞ-ın mövqeyindən razı olduğunu bildirib:

“Bu günə qədər məlumatlardan belə aydın olur ki, Amerika Birləşmiş Ştatlarının mövqeyi beynəlxalq hüquqa uyğundur, ərazi bütövlüyü prinsipinə söykənir. Eyni zamanda kommunikasiyaların açılması və regionda inteqrasiyanın güclənməsinə söykənir. Ona görə də bunlar vacibdir. Düşünürəm ki, ABŞ dövlət katibinin məhz indiki mərhələdə hər iki ölkənin liderləri ilə danışıqlar aparılması yeni ümidlər yaradır. Çünki bu, hər gün baş verən hadisə deyil. Önümüzdəki günlərdə Brüsseldə önəmli görüşlər planlaşdırılır. Bu danışıqlar bir növ həm də həmin görüş qabağı mövqelərin dəqiqləşdirilməsi və məşğələ xarakteri daşıyan bir görüş kimi qiymətləndirilə bilər. Başqa bir ümidverici hadisə ondan ibarətdir ki, Azərbaycan Ermənistan sərhəddində bir neçə gün əvvəl hər iki ölkənin baş nazirinin müavinləri səviyyəsində sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələlər müzakirə edildi, görüş keçirildi. Növbəti belə görüşün keçirilməsi ilə bağlı razılıq əldə edildi. Bu onu göstərir ki, sülh danışıqlarında yeni bir dinamik mərhələyə qədəm qoymaqdayıq. Əgər Ermənistan yenidən öz mövqeyini dəyişməzsə və ya yenidən xarici təsirlərə məruz qalmazsa, ümid edirik ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibinin zəngindən sonra da irəliyə doğru addımlar atılacaq”.

redaktor.az

Xəbərlər