Siyasət 29 Mart 2024, 15:47 | Baxış sayı: 183
"ABŞ Ermənistanı sülh prosesindən çəkindirir"

Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antony Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen aprelin 5-də Brüsseldə Ermənistanın inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirəcəklər.

Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan bildirib ki, üçlü konfransda Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Qriqoryan həmçinin qeyd edib ki, tədbir Ermənistanın dayanıqlılığının artırılmasına yönəlib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də bildirib ki, Vaşinqtonun Ermənistan hökuməti ilə əlaqəsində məqsəd tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir.

Xatırladaq ki, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistanda və Azərbaycanda olub. Görüşlər zamanı regiondakı mövcud vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir sıra aspektləri müzakirə edilib.

Lakin ekspertlərin fikrincə, ABŞ və Qərb ölkələrinin prosesə müdaxiləsi, xüsusən aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan ABŞ-Ermənistan-Avropa Birliyi müştərək konfransı heç də sülhə töhfə verməyəcək. Tam əksinə, İrəvan-Bakı arasında gedən danışıqlara və müzakirələrə zərbə vuracaq. Elə Ermənistana qarant rolunda çıxış edən Qərbin məqsədi də budur.

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə açıqlamasında deyib ki, aprelin 5-də Brüsseldə baş tutacaq üçtərəfli görüş Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinə mənfi təsir göstərəcək.

Deputatın sözlərinə görə, ABŞ və bəzi Avropa dövlətləri Ermənistanı sülh prosesindən çəkindirməyə çalışırlar:

"Bu işin başında Fransa dayanır. Prezident Emmanuel Makronun arxasında erməni diasporu var. Artıq sirr deyil ki, erməni lobbisi Azərbaycanla sülhdə qətiyyən maraqlı deyil. Çünki Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması erməni diasporunun çirkin missiyasını da sonlandıracaq. Halbuki, erməni lobbisinə yeni müharibələr, münaqişələr, faciələr lazımdır ki, bunun sayəsində öz siyasətini qura, maddi vəsait toplaya bilsin. Ona görə də bu cür oyunlardan çıxırlar və Qərb dövlətlərini də məkirli məqsədlərinə alət edirlər”.

Asim Mollazadə: Ağ Ev seçki ilində erməni diasporunun istəklərini yerinə yetirir

Müsahibimizə görə, hansı ölkələrdə erməni diasporu güclüdürsə, təsir və təzyiq imkanlarına malikdirlərsə, həmin dövlətlər Azərbaycanla sülhə maneçilik tərədir və Ermənistana birmənalı dəstək verirlər.

Mollazadə vurğulayıb ki, İrəvanın əlinə bəhanələr verən ölkələrdən biri Fransa, digəri isə ABŞ-dir:

“Amerikada erməni diasporu güclüdür. Xüsusən, ABŞ-də prezident seçkisi öncəsi erməni lobbisi də daha da aktivləşib və siyasi təzyiq mexanizmlərini işə salıblar. Ağ Ev də seçki ilində erməni diasporunun istəklərini yerinə yetirir.

Bakıvaxtı.az

Xəbərlər