"ABŞ 30 il ərzində Azərbaycan torpaqlarının işğalına və separatizmə dəstəyini gizlətməyib"
ABŞ 30 il ərzində Azərbaycan torpaqlarının işğalına və separatizmə dəstəyini gizlətməyib.
Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, Azərbaycanla Ermənistan arasında 30 il davam etmiş münaqişəyə və bu münaqişədə çoxsaylı itkilərə görə birbaşa məsuliyyət daşıyan beynəlxalq subyektlərdən biri, bəlkə də, birincisi ABŞ-dır: “Dünyanın supergücü olmasına baxmayaraq 30 il ərzində ABŞ vasitəçilik missiyası altında bölgədə sülh və sabitlik üçün əsas maneə olan işğal faktoruna və separatizmə açıq formada dəstəyini gizlətməyib. Azərbaycanın işğal və təcavüzə məruz qalmasına baxmayaraq ABŞ məhz işğalçıya dəstək niyyəti ilə Azərbaycana münasibətdə 907-ci düzəlişi qəbul edib.
Separatçı rejimin mövcudluğu dövründə isə ABŞ dəfələrlə terrorçuları Vaşinqtona və digər şəhərlərə dəvət edərək onlarla "rəsmi şəxs" qismində açıq şəkildə görüşlər keçirməkdən çəkinməyib. Bütün bunlar isə onu deməyə əsas verir ki, əslində Vaşinqton 30 il ərzində bölgədə münaqişənin davamlılığını təmin etmək üçün vasitəçilik missiyası ilə pərdələnibmiş. Çox təəssüflər olsun ki, dünyada supergüc kimi sülh və sabitliyə, BMT məqsədlərinə, beynəlxalq hüququn prinsiplərinə əməl olunmasına görə məsuliyyət daşıyan əsas qlobal subyektlərdən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Vaşinqton beynəlxalq hüququn aliliyinin təmin olunması qarşısında əsas maneələrdən biri kimi çıxış etməkdədir. Əks halda rəsmi Vaşinqton Azərbaycanın beynəlxalq hüququn aliliyini təmin edərək öz ərazilərini işğaldan azad etməsi və Azərbaycanın Qarabağ iqtisadi rayonunda möhkəmlənmiş separatizmin kökünü qazımasına bu cür qısqanclıqla yanaşmazdı”.
Deputat qeyd edib ki, ABŞ Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və antiterror tədbirlərindəki uğurlu fəaliyyətindən sonra Bakıya münasibətdə qeyri-konstruktiv davranışlar nümayiş etdirməkdədir: “Görünən odur ki, ABŞ də Fransa kimi regionda münaqişəyə və separatizmin mövcudluğuna özünün mümkün təsir rıçağı kimi baxırmış və Azərbaycanın bu qəbuledilməz status-kvoya son qoyması Vaşinqtonun "maraqlarına" zidd olub. Məhz bu səbəbdən Vətən müharibəsindəki qələbəmizin ardınca ABŞ-nin Dövlət Departamentinə bağlılığı ilə seçilən QHT-lər və media qurumlarının, o cümlədən ABŞ Nümayəndələr Palatasının və Senatının ayrı-ayrı nümayəndələrinin Azərbaycana qarşı hücum ritorikasına şahidlik etməkdəyik. İlk dövrlər parlamentarilərin və media qurumlarının mövqeyinin dövlətin mövqeyi ilə üst-üstə düşməməsi barədə bəhanələr səsləndirilsə də, artıq son zamanlar, xüsusən antiterror tədbirlərinin ardınca Vaşinqton xarici siyasət idarəsinin rəsmiləri tərəfindən də Azərbaycana açıq hücumlara şahidlik etməkdəyik. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasında müvafiq dinləmələrdə səsləndirildiyi əsassız açıqlamaları da məhz bu çərçivədə davam edən prosesin bir hissəsidir. Cənab O'Brayn bu tip yaramaz ritorika ilə Cənubi Qafqazda ölkəsinin maraqlarını təmin və müdafiə etdiyini düşünürsə, ciddi şəkildə yanılır. Çünki bu tip ritorika yalnız və yalnız Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da ifadə olunduğu kimi, Amerika ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbədir. O'Brayn Azərbaycanın müstəqil hərbi-siyasi və suveren iqtisadi güc olduğunu unutmamalıdır və başa düşməlidir ki, Cənubi Qafqazda ABŞ-nin əsas ticari tərəfdaşı da məhz Azərbaycandır. Bu mənada, 907-ci düzəlişlə bağlı fikirlərin səsləndirilməsi, Azərbaycanın hansısa yardımlardan məhrum edilməsi ilə bağlı eyhamların vurulması - bu, Azərbaycana qarşı istifadə olunacaq ritorika deyil. Azərbaycan kiməsə möhtac, kiminsə yardımınlarından asılı beynəlxalq subyekt deyil. Əksinə regionda maraqlarını təmin etmək üçün, region ölkələri ilə əlaqələrini daha stabil formada və təhlükəsiz formada reallaşdırmaq üçün ABŞ bu bölgədə Azərbaycana ehtiyac duyur. Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ-nin terrorla mübarizə səylərini biz dəstəkləyərək öz hava məkanı marşrutlarımızı, logistika imkanlarımızı, o cümlədən şimal paylayıcı şəbəkəni açmaqla Amerika tərəfinə kifayət qədər rahat hərəkət etməsi üçün imkanlar yaratmışdıq. Bu gün O'Brayn və digərləri "ikitərəfli münasibətlərimiz əvvəlki kimi ola bilməz" bəyanatları verərkən bu kimi faktları diqqətə almalıdır və unutmamalıdır ki, Azərbaycan birtərəfli qaydada ABŞ-yə münasibətləri əvvəlki qaydaya salmaq üçün xüsusi ricada bulunmaq niyyətində deyil. Əksinə, Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda da çox əsaslı formada ifadə olunduğu kimi, belə bir şəraitdə ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də biz yersiz hesab edirik.
Biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi hədəfləyirik. Eyni zamanda Azərbaycan başqa dövlətlərlə, o cümlədən ABŞ ilə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Əgər bu gün ABŞ beynəlxalq hüquqa, beynəlxalq hüququn norma və prinsiplərinə ikinci dərəcəli alət və vasitə kimi baxırsa, biz bunu qəbul edə bilmərik və bunu beynəlxalq hüquq adına utanc hesab edirik”.APA