Ümumi 15 Yanvar 2024, 18:35 | Baxış sayı: 152
“AAYDA və BŞİH-dən soruşulmalıdır ki, nə üçün hər dəfə güclü qar yağanda sınaqdan çıxa bilmirlər?”

Tez-tez Rusiyaya - Moskvaya baxardıq, yollar qarda təmizlənməzdi, bunu əsasən miqrantların üstünə atırdılar ki, miqrantlar gedirlər, ruslar isə yolları təmizləmirlər. Amma Azərbaycanda belə deyil. Əvvəla, bizdə qış çox isti keçir. Demək olar, bu qar ilk sınaq idi və bu sınaqda aidiyyəti qurumlar özlərini doğrultmadılar. Həm Bakı şəhərində, həm də bölgələrdə ancaq insanların fədakarlıqlarını gördük - adi yol təmizləyən qadın, yaxud polis özü yola duz səpir. İndiki zamanda, XXI əsrdə bu texnika harda var?”

Bu sözləri  açıqalamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“İstər Bakıda, istər rayonlarda eyni vəziyyət idi. Məlumatım var ki, İsmayıllıya, Ağsuya gedən yollar, hətta Şamaxı yolu tutulmuşdu. Quba və digər bölgələrdə də yollar təmizlənmirdi, hərəkət iflic oldu. Axı bu, o qədər çətin iş deyil, niyə buna hazır olmurlar, mən bilmirəm. İstər AAYDA olsun, istərsə də Bakı Şəhər İcra Hakimiyyəti olsun – bunlardan soruşulmalıdır ki, nə üçün hər dəfə güclü qar yağanda sınaqdan çıxa bilmirlər? Birdən qar bir həftə, on-on beş gün “oturdu”, belə halda onda necə olacaq? Lap fəlakətə düşərik ki. Həyat iflic olar ki. Məsuliyyətli olmalıdırlar. Bu, Bakı Şəhər İcra Hakimiyyətinin işidir. Kimsə məsuliyyət hiss etməlidir. Neçə vaxt idi, elan olunurdu ki, ayın neçəsində güclü qar gözlənilir. Buna hazırlaşmaq lazım idi. Təəssüf ki, belə bir hazırlığı görmürük. Bu da işi xeyli dərəcədə axsadır. Heç olmasa, nəticə çıxarmaq lazımdır ki, gələcəkdə belə hallar olmasın. Azərbaycanın buna imkanı var. Bakı Şəhər İcra Hakimiyyətinin də imkanı var, AAYDA-nın da. Texnikaları da var, sadəcə, məsuliyyəti artırmalıdırlar”, - deputat bildirib.

pravda.az

Xəbərlər