Cəmiyyət 21 İyul 2022, 15:47 | Baxış sayı: 163
"90-cı illərdə ilk deputatlığım zamanı təklif etmişdim ki, əxlaq polisi yaradılsın".

Sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində qadınları videoya çəkərək onlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin hərəkəti ciddi ictimai qınağa səbəb olub və şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.

Milli Məclisin deputatı Tahir Kərimli Pravda.az-a bu barədə açıqlama verib.

Deputat bildirib ki, qanuni baxımdan çimərlikdə video çəkmək qadağan olunmayıb: “Ora video çəkilməsi qadağan olunan məkanlara aid deyil. Açıq məkandır, qapalı deyil, ona görə də video çəkib paylaşanları hüquqi cəhətdən qınamaq olmaz. Məsələnin mənəvi tərəfi ondan ibarətdir ki, bunu çəkən insan danışdığı sözlərlə qadınların çimərlikdə olmasını pis qəbul edir. Hətta bunu qeyrətsizlik hesab edir. İctimai şüura da bu baxımdan təsir etmək istəyir. Bir sıra dövlətlərdə qadınlar çimərliyə getmirlər. Bununla bağlı dövlət səviyyəsində qadağalar da var. Mənəvi cəhətdən İslam dininə zidd olduğu üçün qadağa olunması halları da var. Bir sıra ölkələrdə isə ayrı-ayrılıqda qadın və kişi çimərlikləri var. Açığı, son dəfə ictimai hadisəyə reaksiya verdikdən sonra sosial şəbəkələrdə mənə deyilməyən söz qalmadı. Bu isə məni istəyənlər tərəfindən narazılıqla qarşılandı. Sosial şəbəkələrdə bəyənənlər ən azı üç dəfə çox olmasına baxmayaraq mənfi rəy yazanlar üç dəfə artıqdır. Bunlar da ictimai rəy yaradırlar. Ona görə də fikrimi bildirmək cəsarətində olmuram. Necə deyərlər "öz abrını abırsızdan gözlə". Xalqımızın çox böyük qismi abrını, həyasını gözlədiyi halda təəssüf ki, sosial şəbəkələrdə böyük tərbiyəsizlər ordusu əmələ gəlib. Ona görə də mən 90-cı illərdə ilk deputatlığım zamanı təklif etmişdim ki, mənəviyyat komissiyası, əxlaq polisi yaradılsın ki, bu məsələlər tənzimlənsin, yoxsa artacaqlar və qarşısını almaq mümkün olmayacaq, çünki sosializmdən kapitalizmə keçirik. Sosializmdə hakim ideologiyadan başqa hər şey qadağan idi. Yaxşı da qadağan idi, pis də. Bir hakim ideologiya var idi. İdeologiyanı aparan kommunist partiyası idi. Kapitalizmdə isə hər şeyə, yaxşıya da, pisə də icazə var və bununla da pisliyin qarşısını almaq mümkün olmayacaq. Təəssüf edirəm ki, xalqım tərəfindən milli lider kimi hesab olunan o vaxtkı rəhbərlər bunun əleyhinə getdilər və dedilər ki, hər şey təbii şəkildə olmalıdır. Mən isə dedim ki, təbii şəkildə ancaq pozulmalar baş verə bilər. Məni dinləmədilər. İndi isə artıq gecdir. Cəmiyyətdə də və sosial sferada da artıq bunun qarşısı alınmazdır. Xalq ciddi şəkildə müxtəlif ideologiyalara, müxtəlif baxışlara, müxtəlif mənəvi təkamüllərə, müxtəlif dini inanclara parçalanıb. Hər birinin o qədər böyük kontingenti var ki cəsarətli söz demək çətin olur. Bununla belə mən deyim ki, indiki vəziyyətdə Azərbaycan cəmiyyətinin seçimi belədir ki, kim istəyir, kişilərlə birgə gedir çimərliyə, kim istəyir heç getmir, ya da dəniz kənarında ayrıca bir yer axtarır, gözdən uzaq olsun. Xalqımız müəyyən qədər abır-həyanı gözləsin. Kimin seçimi necədirsə, buna daha bir söz deyə bilmərəm. Artıq buna görə “dilim yandı”. Gördüm ki, günahım olmadan yüzlərlə adam məni necə təhqir edirlər. Çox təəsüf ki, onlara cavab verən tək-tək insanlardır. Onlara təşəkkürümü bildirirəm ki, müəyyən qədər də olsa, bu təhqirlərə cavab veriblər”.

Xəbərlər