Siyasət 27 Sentyabr 2023, 16:21 | Baxış sayı: 250
“44 günlük Vətən müharibəsi “böyük Ermənistan” xəyalını birdəfəlik məhv etdi”

“Üç il öncə bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq tarixi torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Hələ 2016-cı ilin aprel döyüşlərində Lələtəpə və 2020-ci ilin Tovuz döyüşlərində Azərbaycan bu işğalla barışmayacağını bütün dünyaya sübut etdi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

O qeyd edib ki, Azərbaycan 30 ilə yaxın müddətdə kağız üzərində qalan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin tələblərini elə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək öz hərbi gücü və siyasi iradəsi ilə icra etdi:

“Uzun illər ərzində Ermənistanın işğalı altında olan və vandalizmə məruz qalan şəhər və kəndlərimiz azad olundu. Noyabr ayının 8-də Qarabağın incisi, tarixi Şuşa şəhəri azadlığına qovuşdu, düşmənin müqavimət potensialı heçə endi. Ağdam, Kəlbəcər və Laçın rayonları  bir güllə belə atılmadan, bir şəhid belə vermədən qaytarıldı. Ordumuzun əldə etdiyi tarixi zəfər hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Qərb və ABŞ mətbuatının nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. Hərbi dairələri etiraf edir ki, Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi vacibdir”. 
Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpası və yenidən qurulması sürətlə davam edir:

“2023-cü ilin büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3 milyard manat ayrılıb. Yenidənqurma və “Böyük Qayıdış” azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsini prioritetə çevirir. Müharibə başa çatdıqdan sonra indiyədək 300 nəfərdən çox Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Bu isə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalamasının bariz nümunəsidir”.

Son olaraq E.Nəsirov vurğulayıb ki, Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, müzəffər ordumuzun şücaəti, xalqın dövlətinə və ordusuna dəstəyi qələbədə mühüm rol oynadı:

“Türkiyə və Pakistan kimi dost və qardaş ölkələrin daim Azərbaycanın yanında olması və haqlı mövqeyini müdafiə etməsi də gücümüzə güc qatdı. Ermənilər əsrlər boyu “böyük Ermənistan” xəyalı ilə yaşayırdı. 44 günlük müharibədə əldə olunan tarixi zəfər bu planları darmadağın etdi. Artıq “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv olub”.

demokrat.az

Xəbərlər