"1991-ci ildən sonra ilk dəfədir ki, Azərbaycanın üçrəngli bayrağı onun hər qarış ərazisində dalğalanır"
"Biz bu gün müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra ilk dəfədir ki, Azərbaycan bayrağını onun hər qarış ərazisində dalğalanmasına şahidlik edirik. 1923-cü ildə süni şəkildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətindən sonra bu ərazi - Qarabağın bu hissəsi həmişə Azərbaycan dövlətçiliyi üçün təhdidə çevrilmişdi, bir terror mənbəyinə çevrilmişdi. Azərbaycanın dəyərləri, tarixi abidələri, insanları terrora məruz qalırdılar. Nəhayət, 2023-cü ildə, yəni 100 il sonra qüdrətli Azərbaycan dövləti bu təhdidi aradan qaldırmağı bacardı".
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı danışarkən bildirdi.
Onun sözlərinə görə, dövlət müstəqilliyimizin bərpası haqqında konstitusiya aktından, yəni 1991-ci il 18 oktyabrdan sonra ilk dəfədir ki, Azərbaycanın üçrəngli bayrağı onun hər qarış ərazisində, o cümlədən Xankəndi səmasında dalğalanır:
"Bu, bir milli qürur hadisəsidir. Bu, bir milli iftixar hadisəsidir. Ona görə də mən düşünürəm ki, Azərbaycan xalqı öz müstəqilliyinin bərpası gününü bu gün ümummilli sevinclə, daha böyük coşqu ilə qeyd edir. Eyni zamanda, bundan sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin, Azərbaycanın müstəqillik tarixinin milli yaddaşımızda yeni əsaslarda yazılması hadisəsidir. Hazırda bayrağımızın hər qarış ərazimizdə dalğalanması Azərbaycanın iqtisadi gücünü, mənəvi gücünü artırır ki, bu da XXI əsrdə milli inkişafımızın önünü açan hadisəyə çevrilir, onun inkişafında yeni perspektivlər yaradır".
redaktor.az