Siyasət 11 Aprel 2023, 14:49 | Baxış sayı: 207
"Zəngəzur dəhlizinin açılması yaxın vaxtlarda reallaşacaq"

Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.

Mövzu ilə bağlı danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Demokrat.az-a açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması yaxın vaxtlarda reallaşacaq:

"Zəngəzur dəhlizi elə bir strateji əhəmiyyətə malikdir ki, onun açılması hamı üçün sərfəlidir. Sadəcə bəzi ölkələr, əsasən də Ermənistan bunun qarşısını almaqla regionda vəziyyəti gərginləşdirmək istəyir. Ancaq nə qədər çalışsalar da, tarixin inkişafının qarşısını heç vaxt ala bilməzlər".

Deputat bildirib ki, elə bir reallıq, geosiyasi vəziyyət yaranıb ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ gec-tez öz həllini tapacaq:

"Cənab Prezident bu məsələləri çox gözəl bilir. Sülh müqaviləsi üzərində iş gedir. Zəngəzur məsələsiylə bağlı məsələlər də öz mütləq həllini tapacaq. Təbii ki, çətinliklər var. Bu çətinlikləri də o qüvvələr yaradır ki, onlar sülh istəmir. Onlar istəyir ki, burada yenidən müharibə olsun. Amma, bu qüvvələr də artıq iç üzlərini açıb. Dünya da bunları çox gözəl bilir və dərk edir".

Xəbərlər