Plenar iclaslar 31 Dekabr 2022, 17:31 | Baxış sayı: 132
"Zaman gələcək, hər kəs İlham Əliyevin şəklini ürəyinin üstündə gəzdirəcək"

“Ölkəmizdə xəyanət hadisələri çox olub. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində baş verən xəyanətlər, özbaşınalıq, idarəsizlik və uzaqgörməzlik Qarabağın itirilməsi ilə nəticələndi. Nə yaxşı ki, indi Qarabağ minlərlə şəhidin qanı bahasına və Prezident İlham Əliyevin qətiyyəti və bacarığı nəticəsində azaddır”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, bütün bu hadisələri incəliklə analiz edəndən sonra Əliyevlərin uzaqgörənliyinin bu dövləti xilas etdiyi qənaətinə gəlib: “Kənardan çox şey asan görünür. Amma dövlət idarəçiliyi çox çətin və məşəqqətli vəzifədir. Nə yaxşı ki, Prezident Mehriban Əliyevanı Birinci vitse-prezidenti təyin etdi. Biz onun bu uzaqgörənliyini hələ bəlkə də tam dərk edə bilmirik, zaman gələcək, İlham Əliyevin şəklini hər kəs portmanatına qoyub ürəyinin üzərində gəzdirəcək. Bu gün Mehriban Əliyevanın Birinci vitse-prezidentliyi stabillik, əmin-amanlıq, gələcəyə ümid rəmzidir, bir çox xain ünsürlərin yolunu bağlayan məsələdir”.

 

Razi Nurullayev qeyd edib ki, 44 günlük dövrdən sonra yeni keçid mərhələsi yaşamağa məhkum edilmişik və dörd bir yanımız təhlükədir: “Yan-yörəmizə minalar basdırıblar. Prezident İlham Əliyev və Mehriban Əliyeva bizi sağ-salamat bu minalı sahələrdən keçirir. Bunu görmək bu qədərmi çətindir? İndi mən və bir çoxu üçün siyasi mübarizə zamanı deyil, ölkəni təmizləmək yolu tutan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dəstək zamanıdır. Küncdə-bucaqda gizlənib fürsət gözləyənlər var. Bəzi məsələləri ağ kağızdan, yeni səhifədən başlamaq lazım gəlir. Bu, bizim taleyimizdir”.

Xəbərlər