Siyasət 19 Aprel 2023, 14:07 | Baxış sayı: 109
“Yumşaq siyasətlə yavaş-yavaş Xankəndi də, digər ərazilər də alınacaq”

“Cənab Prezident İlham Əliyev tamamilə düzgün mesajlar verdi. Çünki artıq Ermənistan başa düşür ki, uzun müddət belə təxribatlarla heç nəyə nail ola bilməyəcək. Bəlkə də, Ermənistanı bu təxribatlara sövq edən müəyyən dövlətlər də var. Amma İrəvan görür ki, xeyri yoxdur, Azərbaycan siyasətini aparır və bu siyasət uğurla gedir. Dövlət başçısı da bir neçə dəfə qeyd edib ki, onsuz da Qarabağ Azərbaycanındır. Lakin ermənilər vaxtında siyasətlərini düzgün aparmadıqları, əhaliyə çatdırmadıları üçün indi bilmirlər necə etsinlər ki, məsələ həllini tapsın. Bu, çox ciddi məsələdir. Dövlət başçısı irəlini görməsə, heç vaxt belə bəyanatlar verməz. Yəni məsələ artıq yavaş-yavaş Azərbaycanın xeyrinə həll olunur...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Deputat hesab edir ki, belə yumşaq siyasətlə sərhədlər də qurulacaq, hər şey normal vəziyyətə düşəcək, heç bir problem olmayacaq: “Yəni dövlət başçısı dünənki bəyanatı ilə bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır, burada xarici dövlətlərin “barmağı” olsa da, heç nəyə nail ola bilməyəcəklər. Yavaş-yavaş Azərbaycan Ordusu öz işini görür. Bəzi vaxtlar deyirlər ki, icmaların görüşü, danışıqlar lazım deyil. Xeyr, hamısı lazımdır. Qarabağda kim yaşamaq istəyəcəksə, yaşayacaq. Kim vətəndaşlığımızı, bayrağımızı, gerbimizi, milli valyutamızı qəbul edəcəksə, qalıb Azərbaycan qanunlarına uyğun yaşayacaq. Kim gedəcəksə, onu güclə tutub saxlayan deyilik. Amma dövlətimizin başçısının apardığı siyasət budur ki, ermənilər qalsınlar, Azərbaycan vətəndaşı kimi yaşasınlar, heç bir problem yoxdur. Bu məsələ uzun müddət belə qala biilməz. Çünki dünyada da düzən dəyişir. Rusiya-Ukrayna müharibəsində də müəyyən irəliləyişlər var. Ona görə də yumşaq siyasətlə yavaş-yavaş Xankəndi də, digər ərazilərimiz də alınacaq”.

Xəbərlər