Siyasət 16 Oktyabr 2023, 13:37 | Baxış sayı: 192
"Yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması və digər məsələlər həllini tapacaq"

"Cənab Prezidentin Xankəndidə qaldırdığı üçrəngli Dövlət bayrağı bütün azərbaycanlıların qürur mənbəyidir. Bu, Azərbaycan xalqının illərlə həsrətində olduğu tarixi hadisədir, 44 günlük müharibədən sonra qazanılan qələbələrin yekun nöqtəsidir. Hamı həsrətlə gözləyirdi ki, bu tarixi hadisə nə vaxt baş verəcək. Nəhayət, baş verdi. Cənab Prezidentin təkcə Xankəndidə yox, həm Xocalıda, həm də digər ərazilərimizdə qaldırdığı bayraqlar Azərbaycan xalqının ürəyindən tikan çıxardı. Azərbaycan xalqına ermənilər tərəfindən verilmiş işgəncələr, millətimizə qarşı törədilmiş soyqırımıları, onların aşağılanması, hansı vəziyyətdə öldürülüb basdırılmaları... Bayrağımız ucaldılanda bütün ruhlar şad oldu. Cənab Prezident çıxışında keçmişi yada saldı, bütün hadisələri təhlil etdi, Ulu öndərin zamanında atdığı addımları, Heydər Əliyev hakimiyyətdə olanda onun daim diqqət mərkəzində saxladığı Qarabağ ərazisində heç vaxt separatçılıq cəhdlərinin belə olmadığını xatırlatdı. Ulu öndərin yoxluğundan sonra hakimiyyətdə olanların səhlənkarlığı nəticəsində ərazilərimiz əldən getdi".

 

Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

 

Deputat vurğulayıb: “Cənab Prezident Ulu öndərin siyasi yolunu davam etdirdi və bu addımları mərhələ-mərhələ həyata kerirərək Azərbaycanın iqtisadiyyatını, dünya dövlətlərindəki nüfuzunu, bütün diplomatik cəhdləri səfərbər etdi. Nəticə etibarilə Xankəndidə bayrağımız dalğalanır. Güclü Ordusu, Müzəffər Ali Baş Komandanı, iqtidar-xalq birliyi olan Azərbaycan regionun qalib dövləti kimi nümunə göstərdi. BMT qətnamələrini özü həll etdi”. 

 

S.Novruzov 8 kəndin taleyinin bundan sonrakı mərhələdə həlli məsələsinə də toxunub: “Səbirlə və təmkinlə bu məsələlər də öz həllini tapacaq. Xatırlayırsınızsa, cənab Prezident “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” demişdi. Qarşıdakı növbəti mərhələ sülh müqaviləsidir. Sülh müqaviləsinin şərtləri müzakirə olunub, 5 təklif Azərbaycan tərəfindən irəli sürülüb. Yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması və digər məsələlər də tədricən bu şərtlər əsasında öz həllini tapacaq. Hamımız bunun da şahidi olacağıq”. 

pravda.az

Xəbərlər