"Xural TV-nin bağlanması tələbini irəli sürmüşəm və hesab edirəm buna nail olacağam".
Millət vəkili, təhsil eksperti Etibar Əliyev tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallı barədə məhkəməyə müraciət edib. Millət vəkili jurnalisti məhkəməyə verməsinin səbəbləri haqqında Bakupost.az -a danışıb. E. Əliyevin sözlərinə görə jurnalist ona böhtan atıb: “Əvəz Zeynallı mütəmadi olaraq haqqımda verilişində nalayiq ifadələr işlədir, böhtan atır. Mən bu şəxslə indiyə kimi süfrə ətrafında bir stəkan su belə içməmişəm. Məni spirtli içki aludəçisi adlandırır. Daha bir hüdudsuz böhtan atır. Guya mən Kooperasiya və Beynəlxalq Universitetlərdə işləyərkən tələbədən rüşvət almışam. Bir məzun, bir tələbə deyə bilməz ki, mən Etibar müəllimə rüşvət vermişəm. Mən Aviasiya Akademiyası və Elmlər Akademiyasında işləmişəm. Dediyi universitetlərin qapısını belə tanımıram. Bilmirəm ki, onu kimsə öyrədir, ya onun öz təxəyyülünün məhsuludur? Mənə deyirlər ki, o şəxs Türkiyədə təhsilini bitirib. Türkiyə təhsilinin yetişdirdiyi şəxs budur? Bu cür absurd böhtanlar insana atmaq olmaz. İstər deputat, istər adi vətəndaş olsun, insanı bu cür təhqir etmək olmaz”.
Millət vəkili jurnalistə qarşı üç iddia ilə məhkəməyə müraciət edib: “Ciddi şəkildə məni rüşvətdə ittiham edir. Yüksək dövlət məmurunun adını çəkərək, “o filankəsin cibindən çıxan deputatdır” deyir. Bu 2-3 dəfə olsaydı bəlkə keçmək olardı, amma mütəmadi olaraq təhqirlər davam etdirir. Biz Media Haqqında Qanun qəbul etmişik, hüquqi dövlətik. Hərə bir internet TV açıb ağzına gələni danışa bilməz. Ona görə də Xural TV-nin bağlanması tələbini irəli sürmüşəm və hesab edirəm buna nail olacağam. Bu cür televiziyalar ictimai rəyi, seçicini çaşdırır. İkinci tələbim, məndən üzr istəməsidir. Üçüncü tələbim isə 11 min manat maddi təzminatdır. Həmin pulu 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi köçürəcəyəm”.