Plenar iclaslar 4 Aprel 2023, 13:48 | Baxış sayı: 111
"Xankəndiyə niyə girmədik deyənlərin əksəriyyətinin övladları və özləri Qarabağda döyüşdə olmayıb, olmaq fikirləri də yoxdur. O cümlədən, Əli Kərimlinin"

“Bu yaxınlarda partiya sədri Əli Kərimlinin üzvləri qarşısında çıxışı bir vətəndaş kimi məni çox narahat edib. O, ağına-bozuna baxmadan müxalifətin, iqtidarın əleyhinə əsassız fikirlər səsləndirib. Daha qabağa gedərək 30 illik işğala son qoyan və bu gün də Qarabağda separatizmin kökünü kəsmək üçün ağır şərtlər altında siyasət quran Prezident İlham Əliyevi və hamımızı az qala xəyanətdə ittiham edir”.

Deputat Razi Nurullayev bu fikirləri Milli Məclisdəki çıxışında söyləyib. Deputat əlavə edib ki, Ə.Kərimli Ukrayna xalqına alqış istəyir və deyir ki, onlar Rusiya ilə mübarizədə sınmırlar: “Mən zaman-zaman bu hakimiyyətin daxili və bir sıra sosial siyasətini tənqid etsəm də, İlham Əliyevin Qarabağ siyasətini tənqid etmək vicdansızlıq olardı, adamın ağzı əyilər, Allah belə bu cür ədalətsiliyi götürməz axı.
Azərbaycan ordusu niyə Xankəndiyə girmədi və niyə Rusiya ilə müharibəyə başlamadıq? Bu adam ya xalqı avam sayır, ya da qisas hissi o qədər gözünü tutub ki, nəticəsini hesablamadan xalqın hissi ilə oynayıb narazılıq dalğası yaratmaq istəyir. Deyir ki, biz dedik ki, Xankəndiyə girmək lazımdır, amma sözümüzü dinləmədilər. Sən hansı qüvvənin, çəkinin və gizli məlumatın sahibisən ki, dediyin doğru olsun və sonra da yükün çəkə biləsən? Sən heç Elçibəydən qalan bir partiyanın bütövlüyün qoruya bilmədin, on yerə parçalandı, indi Azərbaycanı da beləcə parçalamaq niyyətiniz var. Bu təklifin mənası odur ki, Azərbaycan Rusiya ilə münaqişəyə girsin, münasibətlər pozulsun, Rusiya və İran Azərbaycana hücum etsin, Qərb isə sanksiyalar tətbiq etsin. Qarabağ təzədən əlimizdən çıxsın və sən də o qüvvələrdən biri ilə oynayıb hakimiyyətə gəlmək səyi göstərəsən. Bu cür düşüncə Azərbaycan xalqına xəyanətdir, şəhidlərimizin ruhunu təhqir etməkdir. Sən bu təkliflə Azərbaycanı 2008-ci ildə Gürcüstanın etdiyi səhvi təkrarlamağa sövq edirdin.

Elə deyirlər ki, Türkiyə kömək edəcəkdi. Bu əminlik, bu tələb haradan qaynaqlanır? Türk əsgəri gəlib burada döyüşəcəkdi, amma xeyli vəzifəli və varlı şəxslərin, iddialı siyasətçilərin, elə o cümlədən sənin oğlun və sən kənardan baxıb irəli, irəli, qorxmayın deyəcəkdi? Məgər elə sizlər hakimiyyətdə olanda Türkiyədən kömək istəmədiniz ki, Kəlbəcərdən dinc sakinləri çıxarasınız? Niyə gəlmədi o helikopter? Nə dəyişib o gündən bu günə? Dəyişən budur ki, Prezident İlham Əliyevlə Türkiyə prezidenti real olaraq dost və qardaş olub, ölkələrin maraqlarını uzlaşdıra biliblər. Əgər belə deyilsə, o zaman niyə həyacan təbili çalırsınız ki, Türkiyədə hakimiyyət dəyişikliyi olsa, ola bilsin ki, dəstəyimizi itirək. Hərçənd ki, mən buna inanmıram. Təklif edirsiniz ki, nə qədər cənab Ərdoğan hakimiyyətdədir, Türkiyə qoşunları Azərbaycana yerləşdirilsin. Bəs hanı məntiqiniz? Mən nə bu iqtidarın, nə də Prezident İlham Əliyevin vəkili deyiləm, Milli Cəbhə Partiyasının gündəmi fərqlidir və həmişə də belə olacaq. Amma haqqı demək dindəndir, imandandır”.

R.Nurullayev ardınca deyib: “Xankəndiyə niyə girmədik deyənlərin əksəriyyətinin övladları və özləri Qarabağda döyüşdə olmayıb, olmaq fikirləri də yoxdur. O cümlədən, Əli Kərimlinin. Bu sözü o adam ürəklə və haqqla deyərdi ki, öz övladı da o döyüşçülərin içində olsun. Yoxsa, hər kəs başqasının, əsasən də kasıbın balasının şəhidliyi hesabına ad qazanmaq, təklif vermək və irəli, irəli, dayanma, geri çəkilmə komandası vermək istəyir. Deyir ki, Paşinyan deyir ki, Xankəndi tutulsaydı 25 min erməni ordusu mühasirəyə düşəcəkdi.

Onlar silahı atıb təslim olacaqdı? Məgər İran, Rusiya, Fransa və digər ölkələr bizə imkan verəcəkdi ki, onları məhv edək? Ağdam, Laçın və Kəlbəcəri almaq üçün ən azı 6-7 min əsgərimiz minada partlamalı idi. Hərbi ekspertlərin hesablamasına görə 15-25 min arası şəhid də verə bilərdik. 3 min şəhidlə o böyda ərazini azad etmək, ən çətin üç rayonu bir güllə atmadan azad etmək qəhrəmanlıq deyilmi? Yoxsa, istəyirdiniz ki, Bakıya raketlər yağsın? Sizlər Azərbaycanı döyüş poliqonuna çevirmək, milləti qırğına verib sonra da bunu iqtidarın adına yazmaq istəyirdiniz? Bəs azərbaycançılıq, dövlətçilik harada qaldı? Görünür ki, hakimiyyətə sahiblənmək sizin üçün dövlət sevgisindən üstündür. Bu cür təxribatçı çıxışlara və təxribatçı siyasətçilərin fəaliyyətinə son qoyulmasını tələb edirəm!”

Xəbərlər