Siyasət 30 Avqust 2023, 15:58 | Baxış sayı: 88
"Xankəndində yaşayan əhalinin əksəriyyəti istəyir ki, azərbaycanlılarla birgə yaşasın"

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu məsələyə qoşulması çox humanist və Ermənistanın növbəti təxribatının qarışısının alınması üçün vaxtında atılan addımdır. Bəllidir ki, ermənilərin heç bir ehtiyacları yoxdur. Azərbaycan tərəfi bunu öz üzərinə götürüb, Xankəndindəki Azərbaycan vətəndaşlarının ərzaq təminatı tam şəkildə Azərbaycan dövləti, o cümlədən Qızıl Aypara Cəmiyyəti və digər təşkilatlar tərəfindən qarşılana bilər. Dəfələrlə bəyan edilib ki, Azərbaycan vətəndaşlarının, burada yaşayan digər xalqların hansı hüquqları varsa, Azərbaycan vətəndaşı olan ermənilər də həmin hüquqlarla təmin oluna bilərlər. Azərbaycan bunu dəfələrlə qeyd edib, ermənilərin təxribat xarakterli bəyanatlarının qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlarda, BMT-də fikrini bildirib”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Komitə sədri bildirib ki, bütün bunlara baxmayaraq Fransa tərəfindən böyük miqyasda təxribat hazırlanıb: “Guya Fransanın Xankəndinə göndərdiyi “humanitar yardım”a bilavasitə Parisin meri rəhbərlik edəcək. Ermənilər başqa-başqa dövlətlər, qurumlar tərəfindən bu cür təxribatlar həyata keçirmək istəyirlər. Məqsəd isə budur ki, ortada olan vəziyyəti gərginləşdirsinlər. Bu, sülh prosesini tam pozmağa xidmət edən bir məsələdir. Xankəndində yaşayan əhalinin böyük əksəriyyəti bunu qəbul etmir. Onlar istəyirlər ki, azərbaycanlılarla birgə yaşasınlar. Bir qrup təxribatçılar var ki, müharibə dalğası altında kifayət qədər qeyri-qanuni yollarla - narkotik dövriyyəsi, silah, orqan alveri ilə varlanıblar, kütləvi cinayətlər törədiblər. Problem onların problemləridir ki, hər biri qanun qarşısında cavab verməlidir. İstər Azərbaycanda, istərsə də beynəlxalq məhkəmələrdə. Törətdikləri cinayətlər bəllidir. Bu baxımdan həmin adamları provokasiyaya çəkirlər ki, Azərbaycan tərəfi yenidən güc yolu ilə hərəkətə keçsin. Başqa yol saxlamaq istəmirlər. Azərbaycan bütün danışıqlarda üçtərəfli 10 noyabr bəyannaməsinin müddəalarının yerinə yetirilməsini tələb edir. Zəngəzur dəhlizi, iki yerdən Naxçıvana yol açılmalıdır, sərhədlər dəqiqləşdirilməlidir. Ermənistan indiyə qədər bunu yerinə yetirməyib. Ermənistan tərəfi dörd yerdə bəyan edib ki, 29,9 min kv.km Ermənistanın, 86,6 min kv.km Azərbaycanın ərazisidir. Bu sərhədlər çərçivəsində qarşılıqlı sülh müqaviləsini imzalamalıyıq. Qarabağ ərazisi rəsmi şəkildə Ermənistan hökuməti tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Sülh müqaviləsi bu çərçivədə olacaq”.

 

Deputat deyib ki, təxribatların qarşısı ciddi şəkildə alınacaq: “Azərbaycanın kifayət qədər güclü Ordusu var. Ermənistan isə, demək olar ki, orduya malik deyil. Olanlar fərarilərdir. Fərarilik etdiyinə, ordudan yayındığına görə 10 mindən artıq erməni məhkəmələrdədir. Azərbaycanda isə çağırış məntəqələrinin qarşısında növbədir, hamı Orduda xidmət etməyə hazırdır. Azərbaycanın kifayət qədər həm iqtisadi, həm də siyasi imkanı var. Dünya ölkələrinin əksəriyyəti, Qoşulmama Hərəkatına üzv olan ölklərin hamısı Azərbaycanı dəstəkləyir. Ermənilər BMT-də nə qədər təxribat etmək istəsələr, onların da qarşısını alırıq”.

pravda.az

Xəbərlər