Siyasət 4 İyul 2023, 15:51 | Baxış sayı: 199
"Xankəndidəki quldurların kiməsə arxalanması mənasızdır, “Qisas-3” qaçılmaz olacaq"

Qarabağdakı ermənilərin və oradakı qeyri-qanuni strukturların Bakının şərtlərini qəbul edib ona uyğun hərəkət etməkdən başqa çarəsi yoxdur. 

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Kamran Bayramov Xankəndidə baş verən son prosesləri və quldurbaşı Arayik Arutyunyanın Moskvaya təxribatçı müraciəti ilə bağlı mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Bakı Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu və orada yaşayan ermənilərin gələcək taleyi ilə bağlı şərtlərini açıqlayıb: “Bu şərtlər Qarabağdakı qeyri-qanuni strukturun, qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi və Azərbaycan cəmiyyətinə inteqrasiyası yoludur. Azərbaycanın şərtlərini qəbul etməyib burada yaşamaq istəməyənlər üçünsə yol açıqdır. Digər hər hansı alternativ variant yoxdur. 

Qarabağdakı quldur, terrorçu dəstənin istənilən təxribatçı cəhdlərinin qarşısı isə qətiyyətli şəkildə alınacaq. Buna əmin olsunlar. Odur ki onlar belə təxribatçı cəhdlərdən qaçıb inteqrasiya istiqamətində konkret addımlar atsalar, daha yaxşı olar”, - o qeyd edib.

O əlavə edib ki, sülh sazişi layihəsi üzərində bütün platformalarda aparılan danışıqlar masasında da ancaq Azərbaycanın şərtləri əsasında məsələlər müzakirə edilir: “Azərbaycan tərəfi açıq bəyan edib ki, Qarabağdakı azsaylı erməni icması Azərbaycan inteqrasiya olunacağı təqdirdə rahat, təhlükəsiz həyatlarını davam etdirəcək və dövlət onların bütün təminatlarını, təhlükəsizliyini təmin edəcək”.

Qarabağdakı qanunsuz strukturun rəhbəri Arayik Arutyunyanın Rusiya prezidentinə müraciətinə gəldikdə deputat bildirib ki, onların bu məsələdə kimə arxalanmasının və ya kimdənsə kömək ummasının heç bir mənası yoxdur: “Birincisi onu qeyd edim ki, 10 noyabr 2020-ci il Birgə Üçtərəfli Bəyanatın tələblərinə görə, Rusiya İrəvanla Bakı arasında sülhü təmin etmək üçün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə qeyri-qanuni hərbi birləşmləri tərksilah edib sülh üçün zəmin yaratmalıdır. Amma təəssüflər olsun ki, rus hərbi kontingenti indiyədək üzərinə düşən bu vəzifəni icra etməyib. Sülhyaratma missiyasını icra etməməsi, onun beynəlxalq aləmdə Moskvanın beynəlxalq aləmdəki imicinə ciddi xələl gətirir. Ona görə də Moskva bölgədə sülhün əldə edilməsi üçün üzərinə düşən bu vəzifəni tez bir zamanda həll etsə, yaxşı olar. 

İkinci məqam isə bir az əvvəl qeyd etdiyim ki, Azərbaycan özü bu missiyanı ən yüksək səviyyədə həyata keçirə bilər və buna hazırdırdır da...  Azərbaycan necə ki BMT TŞ və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı siyasətinə son verilməsi ilə bağlı qərarların məsuliyyətini öz üzərinə götürərək həll etdisə, 10 noyabr bəyanatının da bəndlərini icra etməyə qadirdir.   
O baxımdan da Xankəndidəki quldur dəstəsi anlamalıdır ki, Bakının səbri sonsuz deyil və dialoqdan başqa çarəsi yoxdur. Azərbaycanın bununla bağlı mövqeyi beynəlxalq aləmə də bəllidir. Onlar hər hansı təxribata əl atarlarsa, cavabının necə olacağını da yaxşı anlayırlar. Hesab edirlərsə ki, kimlərinsə araxasında gizlənib qanunsuz hərəkətlərini davam etdirəcəklər, yanılırlar. Kimsənin arxasında gizlənmək belə, onlara fayda verməycək. “Qisas-2” əməliyyatı  göstərdi ki, Azərbaycan heç həmin ərazidə quru əməliyyatı keçirmədən dəqiq zərbələrlə onları zərərsizləşdirməyə qadirdir. Onlar bundan dərs alıb ciddi nəticə çıxarmalıdırlar. Quldur dəstəsi xoşluqla dialoqa razı olmazsa, o zaman “Qisas-3” antiterror əməliyyatı qaçılmaz olacaq”.

 

Xəbərlər