"Əvəz Zeynallının həbsinin rüşvətlə əlaqədar olduğuna inanmıram".
Milli Məclisin deputatı Vahid Əhmədov Əvəz Zeynallı və Elçin Sadıqovun həsbsinin rüşvətlə əlaqədar olduğuna inanmadığını deyib: “Vəkil Elçin Sadıqovu şəxsən tanımıram. Amma bir vəkil kimi onun barəsində məndə müsbət məlumatlar var. Mətbuatdan da oxumuşam. Əvəz Zeynallı isə kifayət qədər tanınmış, fəal jurnalistdir. Sizə açıq deyim, o, dövlətini, Azərbaycanın müstəqilliyini, dövlət başçısını sevən adamlardan biridir. Mütəmadi olaraq onun verilişində olmuşam, müəyyən çıxışlar etmişəm, polemikalarımız olub. Onların həbsi guya rüşvətlə əlaqədardır. Mən buna inanmıram. Açıq deyirəm, Əvəz Zeynallıda belə şeylər hiss etməmişəm. İndi hadisədir, baş verib, yəqin ki, araşdıracaqlar”.
Deputat jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsinə görə Prezident İlham Əliyevə müraciətlər olunması barədə də danışıb: “Yəqin ki, cənab Prezident də bunların hamısını diqqətə alar. Hesab edirəm, ümumiyyətlə cəmiyyətdə belə məsələlərdə bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki onlar tanınmış insanlardır. Azərbaycan cəmiyyətində kifayət qədər tanınırlar, cəmiyyətlə ünsiyyət qururlar, cəmiyyətin müəyyən məsələlərini, problemlərini qaldırırlar. Yəqin ki, dövlət başçımız bütün bunları da nəzərə alar”.
V.Əhmədov Əvəz Zeynallının “Tərtər işi” ilə bağlı bəzi məmurların adlarını açıqladığı üçün həbs edildiyi barədə səslənən fikirlərə də münasibət bildirib: “Burada Azərbaycan Ordusundan söhbət gedir. Ordu bizim üçün əzizdir. Bu Ordu Azərbaycan torpaqlarını 44 günlük müharibədə işğaldan azad etdi. Ona görə də, orada baş vermiş hadisələr qəbul edilə bilməz. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq bu işdə əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Onsuz da bu, gec-tez həyata keçiriləcək. Əgər bu məsələ ciddi nəzərə alınmasaydı, dövlət başçısı cənab İlham Əliyev göstəriş verib ikinci dəfə istintaq açmazdı. İstinaq açılıb, məsələlər araşdırılır. Ola bilər ki, bəzi iri ranqlı məmurların adları çəkilib. Narahatdırlar ki, bunlara da növbə çata bilər, həbs oluna bilərlər və s. Yəqin ki, bütün bunların da Əvəz Zeynallının həbsinə müəyyən qədər təsiri olub. Hər ikisinə, Əvəz bəyə də, Elçin bəyə də azadlıq arzu edirəm. Tez bir zamanda ailələrinə qovuşsunlar”.
Mənbə: Pravda.az