Siyasət 27 İyun 2023, 16:02 | Baxış sayı: 172
“Əvvəllər xaricə gedəndə erməni ilə rastlaşanda, üzünə baxa bilmirdik”

“Kasıb ailələr var ki, deyirlər, gedək Kəlbəcərə, çadır quraq, yaşayaq”

 

“AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində evdən çıxırdıq, qayıtmağa ümid yox idi”

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və Regional məsələlər komitəsinin üzvü Aqil Məmmədovun Pravda.az-a müsahibəsi:

 

- Aqil müəllim, bəzi deputatları tənqid edirlər ki, parlamentdə çıxış etmirlər, problemləri qaldırmırlar. Elə sizin də çıxışlarınız çox deyil...

 

- Dövlət orqanları ilə mütəmadi əlaqə saxlayırıq. Məsələn, vətəndaş müraciət edir, problemə uyğun olaraq müvafiq dövlət qurumuna məktub yazırıq. Bir neçə gün əvvəl Qəbələdə keçmiş məcburi köçkünlərlə görüşdə müəyyən məsələlər qaldırıldı. Həmin problemlər də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədar idi. Bildirdim ki, tərəfimdən müfaviq müraciət ediləcək. Amma elə məsələlər var ki, onları parlamentdə qaldırmaq lazımdır, bunu da edirəm. Kəlbəcərə gediş-gəlişlə bağlı imtizaylı ailələrə, xüsusilə şəhid ailələrinə şərait yaradılması ilə bağlı çıxış etmişəm. Qarabağa gedişin icazəli olması normaldır, çünki bu, təhlükəsizlik üçündür, düşmən ərazilərimizi minalayıb. Amma həftədə bir dəfə müvafiq qurumların müşayiəti ilə şəhid ailələrinin, qazilərin, yaşlı nəslin nümayəndələrinin gedişinə şərait yaratmaq olar. Digər təklifim isə, işğaldan azad edilən ərazilərdə maldarlıqla məşğul olanlarla bağlı müəyyən edilən kvotanın aradan qaldırılması ilə bağlı olub. Yəni, nəyə ehtiyac varsa, onu demək daha yaxşıdır. Komitə iclasında çıxış edilibsə, plenar iclasda çıxış etməyə ehtiyac qalmır.

 

- Axı plenar iclasın üstünlükləri daha çoxdur...

 

- Əlbəttə. Mən təkrarçılığı nəzərdə tuturam. Həm də nəticə olacaqsa, çıxış etmək lazımdır, söz xatirinə söz deməyin nə mənası var... Daxil olan qanun layihələrinə baxırıq, çatışmazlıq varsa, fikir bildiririk. Məsələn, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikləri müsbət qiymətləndiririk. Layihə əsasən süni qiymət artımının qarşısını almaq üçündür. Xaricdən gətirilən dərmanlara nəzarət etmək üçün mərkəzləşmiş elektron sistem yaradılacaq. Bu sahənin tənzimlənməsi ilə bağlı addım atılırsa, niyə də dəstəkləməyək? Anlaşılmaz nəsə olarsa, sual ünvanlamaq, fikir bildirmək olar... Mənə görə ən çətin iş seçicilərlə işləməkdir. Bilirsiz ki, 30 il işğal altında olan rayonlarla bağlı pərakəndəlik var. Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlərin bir hissəsi Bakı, Şəmkir, Samux, Nabran qəsəbəsi, Qəbələ, Oğuz, Qax, Göygöl, Daşkəsən, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Tərtər rayonlarındadır. Görün bunlarla əlaqə saxlamaq nə qədər çətindir... Elə bu yaxınlarda, Bərdədə, Qəbələdə görüş keçirmişəm. Çalışıram, telefon zənglərini cavabsız qoymayam. Hansısa məsələnin həllində kömək edə bilmədikdə, izahat veririk. Biz əziyyət də çəksək olar, təki vətəndaş razı qalsın, Sabah deputat seçilməyəndə də insanlarla görüşəndə ürəklə görüşək.

 

- Deputatlar az çıxış edir, deyirlər, niyə etmir. Çox çıxış da edir, deyirlər, özünə görə edir. Niyə bu cür yanaşmalar var?

 

- Yanaşmalar müxtəlifdir. Bir hadisəyə hamı eyni yanaşa bilməz. Məsələn, Gədəbəy hadisələrində bir hadisəni əsas götürürlər ki, polis yaşlı qadının gözünə gözyaşardıcı qaz sıxıb. Məsələ bundanmı ibarətdir? Bir polis səhv edibsə, bu, daxili işlər orqanlarında xidmət göstərən polislərə aid ola bilməz axı. Polis kimdir? Sənim, mənim qardaşımdır, qohumumdur, azərbaycanlıdır. Ölkədə asayişin keşiyində polislər durur, ərazi bütövlüyü uğrunda canlarından da keçiblər. Biz bazar günləri istirahət edəndə, polislər gücləndirilmiş iş rejimdə çalışırlar. Demirəm, nöqsansızdır, iş varsa, nöqsan da olar. Gədəbəy hadisələrində vətəndaşın tərəfindəyəm: Həmin ərazidə monitorinqlər keçirilməlidir, məlumat verilməlidir. Amma nəzərə alın ki, vətəndaşlar müvafiq icra hakimiyyəti orqanından icazə almadan mitinq keçiriblər. Polisə daş atırlar, gözünə, başına dəyə bilərdi. Polis də səhv edib vətəndaş da. Dağ insanın xarakteri başqa olur, özüm də dağda doğulmuşam. Onlar sağlam, təmiz, etibarlı və çılğın olurlar. Torpağın altında xalqın sərvəti varsa, istifadə olunmalıdır. Amma orada yaşayan insanların da təhlükəsizliyi nəzərə alınmalıdır. Həmin hadisələrlə bağlı səs yazılarını, yəqin ki, dinləmisiniz: Rusiyada və digər ölkələrdə olan bəzi qüvvələr ölkədəki sabitliyi pozmağa cəhd edirlər. İnsanlar o qədər sadəlöhvdürlər ki, təxribata uyurlar. Deputatı da qınadılar ki, niyə əraziyə getməyib...

 

- Məncə, o məsələdə haqlıdırlar. Deputat daha əvvəldən iş aparmalı deyildimi?

 

- Müraciət olmasa, deputatın haradan xəbəri olsun.

 

- Axı deyirlər, müraciət edilib...

 

- Açığı, buna inanmıram. Çox söz deyirlər... Baş verənləri məqsədli şəkildə ediblərsə... Ortada səs yazısı var. Rayonun deputatlarını yaxşı tanıyıram, çox səmimi insanlardır. İnanmıram ki, eşidələr, amma reaksiya verməyələr... Heç kəs istəməz ki, təmsil olunduğu ərazidə xoşagəlməz hadisə baş versin.

 

- Ölkədə hazırda minimum əməkhaqqı 345 manatdır. İndiki şəraitdə bu vəsaitlə dolanmaq mümkündürmü? Məsələn, bu məbləği deputatların maaşı ilə müqayisə edirlər, bildirirlər ki, niyə deputat 6 min manat almalıdır, vətəndaş isə 345 manat?

 

- Heç bir ölkədə minimum əməkhaqqı deputatın maaşı qədər deyil ki... Son illər sosial rifahın yaxşılaşdırılması istiqamətində xeyli addım atılıb. Baxın, minimum əməkhaqqı, pensiya, müavinət və təqaüdlər nə qədər artırılıb. Zaman keçdikcə insanların tələbatları da artır. Minimum əməkhaqqı 1000 manat olsa da, deyəcəyik, azdır... Hər birimizin məqsədi vətəndaşın sosial rifahının yaxşılaşdırılmasıdır. Dövlət işsizliyin aradan qaldırılması üçün özünəməşğulluq proqramı yaradıb. Tutaq ki, vətəndaş işləmək istəyir, amma hansısa peşəyə yiyələnməyib, dövlət vətəndaşı o peşə üzrə kurslara cəlb edir, sonra biznes layihəyə dəstək verir. Bütün bunlar təmənnasız edilir ki, vətəndaşın sosial rifahı yaxşılaşsın. Bəzi insanlar dövlətin verdiyi avadanlığı, iri və xırda buynuzlu mal-qaranı satır. Dövlət əlindən gələni edirsə, sən də çalışmalısan. Biz həm də unutmamalıyıq ki, 30 il müddətində bir milyona yaxın qaçqın və məcburi köçkünümüz olub. Bu illər ərzində nəhəng işlər görülüb. Başa düşməliyik ki, müharibədən çıxmış ölkəyik. Biz Ali Baş Komandan İlham Əliyevin, şəhidlərin, qazilərin – xalq-iqtidar birliyinin sayəsində 30 il deyil, 200-300 il yığılıb qalan problemi həll etdik. Utanc hissi üzərimizdən götürülüb. Əvvəllər xaricə gedəndə erməni ilə rastlaşanda, üzünə baxa bilmirdik. Çünki uduzmuşduq. Bu gün isə qalib xalqıq, başımız dikdir, Azərbaycanın adı gələndə hörmətlə yanaşırlar. İndi isə şəhid ailələrinin, qazilərin problemləri həll edilir, müavinətlər verilir, mənzillə təmin edilirlər və s. Bundan əlavə, Qarabağda böyük layihələr, quruculuq işləri həyata keçirilir, “Böyük qayıdış” artıq başlayıb. Bütün bunlar kifayət qədər məbləğdir. Nəzərə alın ki, Azərbaycan heç bir dövlətdən kömək almadan bu işləri həyata keçirir. Şəxsən mən qürur duyuram.

 

- Kəlbəcərə qayıdış nə vaxta planlaşdırılır?

 

- Yaşayış məntəqələri tikilməyənədək nəsə demək olmaz. Cənab Prezident təməlqoyma mərasimlərində iştirak edib. Tikinti başa çatan kimi qayıdış başlayacaq.

 

- İnsanlar Kəlbəcərə birdəfəlik qayıdışla bağlı müraciət edirlərmi?

 

- Əlbəttə. Elə ən çox müraciət bununla bağlıdır. Səbirsizliklə gözləyirlər. Ola bilər, bəzi gənclər işlərinə görə getməsinlər, bu da normaldır. İnsanların əksəriyyəti qayıtmaqda maraqlıdırlar. Hətta deyirlər ki, evləri özümüz tikərik. Kasıb ailələr var ki, deyirlər, gedək, çadır quraq, yaşayaq... Ən önəmli məsələ odur ki, Qarabağdakı görülən bütün işlər Prezident İlham Əliyevin nəzarəti altındadır. Bu da qayıdışın sürətlənməsi deməkdir.

 

- O ərazilərdə iş məsələsi necə həll ediləcək?

 

- Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə sual ünvanladım. Nazir bildirdi ki, hər şey nəzərdə tutulub. Əmin ola bilərsiniz ki, Kəlbəcər ən inkişaf etmiş rayona çevriləcək. Rayon təbii sərvətlərlə zəngindir, turizm üçün əlverişlidir. “İstisu” sanatoriyası istifadəyə verildikdən və reklamı yaxşı aparıldıqdan sonra turistlərin diqqətini cəlb edəcək...

 

- Bir müddət əvvəl, sosial şəbəkələrdə “İstisu” adı altında suların satılması ilə bağlı məlumat paylaşılmışdı. Siz isə bunu təkzib etdiniz, bildirdiniz ki, orada hələ satış yoxdur. Amma insanlar buna inanmadılar. Bəlkə kimlərsə satır...

 

- İndi də deyirəm, Kəlbəcər “İstisu”yu satışa çıxarılmayıb. Açığı, mən bir müddət əvvəl dedim ki, o su Tərtər çayına axıb gedir. Bir litri benzindən bahadır, çaya axıtmaq olmaz. Bəlkə də sözümüzün təsiri oldu, artıq zavod tikilir. Bu, həm də iş yeridir. İşlə bağlı müvəqqəti çətinlik ola bilər, amma mərhələli şəkildə həll ediləcək. İşləmək istəyən üçün problem olmayacaq. Əminəm ki, işğaldan azad edilən ərazilər ölkə iqtisadiyyatına mühüm təsir edəcək.

 

- Kəlbəcərə tez-tez gedirsiniz?

 

- Xeyr. Müəyyən çətinliklər var, biz də gedəndə müvafiq portalda qeydiyyatdan keçərək gedirik. Sonuncu dəfə 2021-ci ildə getmişəm, bu yaxınlarda getmək fikrim var.

 

- Kəlbəcər məsələsinə toxunmuşkən, elə 1993-cü ildə rayonun işğal edilməsi ilə bağlı sizdəki məlumatlar bizə maraqlıdır. İşğalda AXC-Müsavat cütlüyünün hakimiyyətinin rolu olubmu?

 

- Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov inanmırdılar ki, SSRİ dağılacaq. Onlar Moskvanın göstərişindən kənara çıxa bilmirdilər. Elə evimizi yıxan da bu oldu. Ulu öndər Heydər Əliyev 1987-ci ildə hakimiyyətdən getdikdən sonra Qarabağın Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı. Nə reaksiya verildi? Əlbəttə, heç nə. Əksinə qorxdular, çəkindilər. Sadə insanlar etirazını bildirdi, 1990-cı ilin 20 yanvar qırğını törədildi. Qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, bəyanat verdi. Sonra Bakıya gəldi, qalmağa imkan vermədilər, Naxçıvana getdi. Bu müddət ərzində də Qarabağda vəziyyət gərgin olaraq qalırdı, torpaqlar işğal edilirdi. 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində də ölkədə xaos hökm sürürdü. Təsəvvür edin, evdən çıxırdıq, qayıtmağa ümid yox idi. İnsanlar qorxurdular ki, çölə çıxanda avtomobillərini əllərindən alarlar. Bütün bunların şahidi olmuşam. Ərzaq qıtlığı var idi, çörək növbələri yaranırdı, 4 nəfər idik, 2 çörək verirdilər. İşıq, qaz yox idi, avtomobillə odun daşıyırdıq... Müsibətlər görmüşük. Bütün bunların fonunda Cənubda, Şimalda və digər ərazilərdə müxtəlif qruplar yarandı, hakimiyyət davası, hərc-mərclik başladı, ölkə parçalanmaq ərəfəsində idi. Kəlbəcərin yolu da bağlanmışdı. Rayon 5 il mühasirə şəraitində yaşadı, çox çətin günlərdən keçmişik. Kəlbəcərin müdafiəsi üçün heç bir addım atılmadı. Əbülfəz Elçibəy elə bilirdi ki, beynəlxalq hüquqla torpaqları bizə qaytaracaqlar. Qanun haradadır, gücün varsa, vuruş, al, qanun da sənin tərəfindədir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 4 qətnamə çıxardı, icra etdilərmi? Xeyr. Ölkədə hakimiyyət davası gedirdi, o da səriştəsizlikdən irəli gəlirdi. Ona görə də başımıza bu bəlalar gəldi. Ulu öndərin böyüklüyünü qəbul etməyənlər çox kiçik adamlardır. Diqqət edin, bu gün dünya dövlətlərinin liderləri ulu öndər haqqında müsbət fikirlər səsləndirirlər. Onun idarəçilik qabiliyyəti güclü idi, hadisələri qabaqcadan analiz edə bilirdi. Heydər Əliyev Moskvadan qayıdan vaxt Bakıda fəaliyyətinə şərait yaratsaydılar, inanın ki, bu hadisələrin heç biri olmayacaqdı.

 

- Bəzi hallarda bildirirlər ki, Kəlbəcər satqınlığın qurban olub. Olubmu belə şeylər?

 

- Satqınlıq elə sadaladıqlarımdır. Vətənin torpağını qoruya bilməmisənsə, kürsü uğrunda mübarizə aparmısansa, satqınlıq etmisən. Torpaqlar səhlənkarlıq, daxili çəkişmələr ucbatından işğal edilmişdi. Baxın indi cənab İlham Əliyev çox dəqiq siyasət yürüdür. Ona görə də torpaqlarımız işğaldan azad edildi. Bütün dövlətlərlə bağlı balanslı siyasət həyata keçirilir. Azərbaycan, artıq güclü dövlətdir, qüdrətli ordusu var, ölkəmiz regionun lideridir. Cənubi Qafqazda hansısa layihə Azərbaycanın razılığı olmadan həyata keçirilmir. Ermənistana hansı dövlətlər dəstək verirsə-versin, mümkün deyil, Azərbaycanın qarşısında aciz durumdadır. Ermənistan heç vaxt müstəqil olmayıb, həmişə alət olub. Bizim ölkəmiz isə müstəqildir, bunu qoruyub saxlamaq üçün birliyimizi pozmamalıyıq.

Xəbərlər