"Vətəndaşların aldıqları məbləğin fonunda deputatın maaşı böyük görünməsi qısqanclıq yaradır".
“Deputatların əmək haqlarının artırılması ilə bağlı məlumatı mediadan, sosial şəbəkələrdən oxumuşam. Sosial şəbəkələrdə bu artıma göstərilən reaksiya mənim üçün o qədər də anlaşılan deyil. Özüm daxil olmaqla elə deputatlar tanıyıram ki, gecə-gündüz vətəndaşlarla, seçicilərlə işləyir və konkret ciddi nəticələri də var. Parlament nə qədər insanların xeyrinə, onların həyatlarını yüngülləşdirəcək qanunlar qəbul edib. Milli Məclisin şöbələri, deputatlar komitələrdə, komissiyalarda gecə-gündüz işləyirlər. Bütün bunlar nə qədər əziyyətlə başa gəlir, sonra sessiyalarda müzakirəyə çıxarılıb qəbul olunur. Nə edirsənsə et, amma bizim vətəndaşlarımız nədənsə özlərinin bütün sosial problemlərində, işsizliklərində, hər bir məsələdə parlamenti günahkar bilirlər. Hər şey parlamentdən asılı deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat bildirib ki, parlament gücü daxilində olanı edir: “Hazırda neft-qaz qiyməti qalxdığına görə pensiya və müavinətlərin artırılması ilə bağlı hökumətin gündəliyində sənəd var. Büdcədə yaranan artımla bağlı pensiya və müavinətlərin artırılması gündəmə gəldi. Bu da həyata keçiriləcək. Pensiya və müavinətlərlə yanaşı, müəyyən əmək haqları da artırılır. Yəqin ki, deputatların əmək haqlarına bu artım nəticəsində baxılır. Amma bilmirəm, məsələ nə yerdədir. Hər halda parlamentin üzvləri də Azərbaycan vətəndaşlarıdırlar. Onlar da kiminsə atası-anası, kiminsə qardaşı, qohumudurlar. Deputatlar da vətəndaşların içərisindən seçilmiş insanlardırlar. Onlar Marsdan, Yupiterdən gəlməyiblər, onları Aydan tutub gətirməyiblər, nə də Yerin altından çıxıblar. Deputatlar da Azərbaycan vətəndaşlarının daşıdıqları soyadları daşıyırlar. Nəyə görə onlara qarşı bu şəkildə reaksiya göstərilir? Bu, anlaşılan deyil”.
R.Nurullayev deyib ki, əslində, deputatın aldığı əmək haqqı yüksək görünə bilər, amma onun xərcləri çoxdur: “Birincisi, vətəndaşları qəbul edir, görüşə gedir, ehtiyacı olana kömək edir. Hər bir deputat bir ay ərzində 5-10 nəfərə kömək edir. Bəli, bunu edirlər və o deməkdir ki, artıq deputatların əmək haqlarının yarısı yoxdur. Bu baxımdan, düşünmək olmaz ki, deputat aldığı əmək haqqını cibinə qoyur, yeyir. Elə deputat var ki, ona heç bu maaş çatmır. Əgər o, seçici ilə ayda 3-4 dəfə görüşməyə gedirsə, nə qədər xərc tələb olunur. İnsanlar deputatlara müraciət edirlər və bu insanların arasında kimsəsizlər, şəhid ailələri olur. Deputat şikayətçinin qapısını döyürsə, ora əliboş getmir. Xəstə olanlar da var... Deputatlar vicdanları qarşısında hesabat verərək bunu edirlər. Məsələn, mən edirəm. Axı o əmək haqqı 1 ayda sənin etdiklərinin tamamını ödəyə bilmir. Vətəndaşlara kənardan, təbii ki, deputatın maaşı yüksək görünür. Burda bir məntiq var. Vətəndaşların aldıqları məbləğin, qazanclarının fonunda deputatın maaşı böyük görünür. Bu da qısqanclıq yaradır. Məgər deputatlar işləmirlər? Fəaliyyət göstərmirlər? Bütün şöbələrdə, yerlərdə, komissiyalarda işləyib, bəzən yüz səhifələrlə qanun maddələrini oxuyub, qeydlər götürüb, çıxışlar edirlər. Xeyli deputat xalqın səsini, problemlərini tribunadan səsləndirir. Axı çox məsələlər həll olunur. Məsələn, hər gün ən azı 4-5 Azərbaycan vətəndaşının problemini aidiyyəti qurumlarla bərabər həll edirəm. Təkcə dünən 3 nəfərin əlillik pensiyasının kəsilməsi ilə bağlı araşdırma apardıq, məsələ həll olundu. Hər gün belə nəticələr olur. Ona görə də qısqanclıqla yanaşmağı doğru saymıram”.