Cəmiyyət 8 May 2023, 12:57 | Baxış sayı: 178
“Vətəndaşlarımızı ev-eşiklərini sığortalamağa səsləyirəm, baha deyil, 50 manatdan başlayır”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə güclü yağış və dolu Goranboy rayonunun bəzi kənd və qəsəbələrində fəsadlar törədib. Goranboyda sel zamanı evlərini su basan sakinlər hökumətdən dəstək istəyirlər. Müzakirələr zamanı bildirilir ki, ziyan çəkən evlərin sığortası olsaydı, problemlər daha tez aradan qaldırılardı.

 

Bu barədə Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, get-gedə təbii fəlakətlər çoxalır, bütün dünyada sel daşqınları, zəlzələlər, uçqunlar və sair baş verir, nəticədə insanlar zərər çəkir:

 

“Dəymiş ziyanın hamısını dövlətin qarşılaması bəzən mümkün olur, bəzən yox. Buna görə də vacibdir ki, insanlar əmlaklarını, varidatlarını sığorta etsinlər. Təmsil etdiyim İmişlidə də insanların evi yanır, uçur, amma sığortası yoxdur. Sonra tələb edirlər ki, bizə kömək olunsun. Lakin kömək etmək mümkün olmur. Sığortanın qiyməti baha deyil. Əslində, 50 manatdan başlayır, illik məbləğdir. Buna görə də insanların hamısının əmlaklarını sığorta etmələri vacibdir. Bildiyim qədərilə, artıq bu ildən evlərini sığrotalamayanların cərimələnməsi də başlayacaq. Sığorta şirkətləri üzərində çox ciddi nəzarət olmalıdır ki, vətəndaşları incitməsinlər. Sığorta müqavilələri tam qanunvericiliyə uyğun hazırlansın, boşluqlar qalmasın ki, vətəndaş sabah şirkətdən sığorta almaq üçün əziyyət çəkməsin. Amma belə hallar həm avtomobil sığortasında, həm can sığortasında, bəzən də ev, əmlak sığrotalarında yaşanır. Bütün bu məsələlər paralel şəkildə olmalıdır. Dövlət də çalışıb vətəndaşların sığortasının sığorta şirkətləri tərəfindən doğru-dürüst edilməsinə nəzarəti gücləndirməlidir. Qoy vətəndaşlarımız bilsinlər ki, dövlətin üzərində hal-hazırda yük çoxdur. Qarabağın bərpası işləri aparılır. Eyni zamanda təbii fəlakətlərin çoxalması gözlənilir. İstilər ola bilər, yanğınlar baş verə bilər. Bilirsiniz ki, ötən il meşə yanğınları oldu, yanğın yaşayış evlərinə də yayılmağa başladı. Bilmək olmur, təbiət dəyişir. Birdən-birə 45-50 dərəcə isti olur, yanğınlar çıxır, yaxud yağış yağır, sel gəlir, evləri yuyub aparır. Buna görə də bu hadisələrdən özünü sığortalamağın ən gözəl yolu evləri, əmlakları sığortalamaqdır. Vətəndaşlarımızı ev-eşiklərini sığortalamağa səsləyirəm”.

Xəbərlər