Cəmiyyət 24 Yanvar 2022, 18:11 | Baxış sayı: 425
"Vətəndaşlar icbari tibbi sığorta xidmətindən heç də məmnun deyil".

Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta hələ ki, gözlənilən nəticələri vermir, vətəndaşlar icbari tibbi sığorta xidmətindən heç də məmnun deyil.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, icbari tibbi sığorta ilə bağlı seçicilərdən xeyli şikayətlər daxil olur: “İcbari tibbi sığortadan istifadə etməyə çalışan vətəndaşların şikayətləri müşahidə olunur. Vətəndaşlar əsasən xidmətdən təcili şəkildə yararlanmaq istəyənlərkən qarşılaşdıqları problemlərdən şikayətçidirlər. Misal üçün öd kisəsində problem olan bir seçiciyə gözləməyi tövsiyə ediblər. Ona bildirilib ki, “sən ağır xəstə deyilsən, dözə bilərsən, səni növbəyə yazırıq, ağrın tutanda gələrsən”. Məgər hökmət xəstənin “pristupu” tutmalıdır, vəziyyəti ağırlaşmalıdır ki, əməliyyata götürsün?! Və yaxud da deyirlər ki, “bu ay biz sizi götürə bilmərik, növbədə olanların sayı çoxdur”. Və yaxud deyirlər ki, “hələ vəsaitimiz yoxdur, siz gedin, təkrar müraciət edərsiniz”. Bir xəstə bir neçə dəfə polinklinkaya, tibb müəssisəsinə getməlidir ki, növbəyə dursun. Bu, insanları incitməkdir”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, vətənaşlar həkimlərin qəsdən problemlər yaratdığını da diqqətə çatdırırlar: “Bir sıra vətəndaşlar onlar üçün lazımi tibbi xidmətlərin siyahıda yer almaması, bəzi vətəndaşlar isə həkimlərin qəsdən xəstəni get-gələ salıb pul qazanması üçün icbari tibbi sığortadan yayındırdıqlarını iddia edirlər. Düşünürəm ki, bütün bu məsələlər ciddi araşdırılması, ictbar tibbi sığorta fəaliyyətinə nəzarət gücləndirilməlidir”.

A.Həsənova həmçinin koronavirus xəstələrinin də şikayət etdiyini diqqətə çatdırıb: “Koronavirus xəstəsi olan bir seciçi ona müalicə üçün yalnız bir adda dərmanın verildiyini bildirir. Lakin həmin şəxsin əldə etdiyi məlumata görə rayonlarda koronavirus müalicəsi üçün verilən dərmanların sayı isə daha çoxdur. Əgər elədirsə, nədən Bakı ilə rayonlar arasında belə fərq var? Bu məsələdə ciddi araşdırılmalıdır”.

Xəbərlər