Plenar iclaslar 31 May 2023, 13:33 | Baxış sayı: 91
“Vergi güzəştləri yox, əlverişli biznes mühiti yaratmaq lazımdır”

Deputat Razi Nurullayev Milli Məclisdə, hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələrində səlahiyyətlilərə ünvanlı xoş sözlərini deməklə yanaşı, bildirdi ki, bütün bunların fonunda görülən işlərə, aparılan siyasətə ləkə salanlar da var: “Tutduğu vəzifəyə özünün ata-baba obyekti kimi yanaşanlar var. Xüsusən ölkəyə sərmayə qoymaq istəyənlərin başını tumarlamaq əvəzinə, onların başına qapaz vuranlar var. Məmurun, vəzifəli şəxsin bir nömrəli vəzifəsi iş adamına şərait yaratmaqdır ki, o da yaradılmır. Bəzən məni qınayırlar ki, niyə "ölkədə azad biznes mühiti yoxdur"deyirsən. Kağız üzərində hər şey yaxşıdır, amma bir iş adamı məmura gəlib çatanda onun cəhənnəm əzabları başlayır. Heç sovet dönəmində bu qədər get-gələ salmırdılar. Mən hörmətli nazirimiz Mikayıl müəllimin də nəzərinə bəzi məsələləri çatdırmaq istəyirdim, amma təəssüf ki, danışa bilmədim. Mikayıl müəllimə hörmətim var, həmişə bu hörməti saxlamağa çalışmışam və saxlayacağam. Hörmətli Mikayıl müəllimin bir sıra sahələrdə yaratdığı şəffaflığı və idarəetməni alqışlayıram. Amma, bu gün vergi güzəştləri lazım deyil, ləğv olunsun hamısı. Vergi güzəştləri yox, əlverişli biznes mühiti yaratmaq lazımdır. Vergi güzəştləri ayrı-ayrı bizneslərə xidmət edir, biznes mühitini yaxşılaşdırmır”.

R.Nurullayev bildirdi ki, biznes mühitində dəyər yaratmağa çalışdıq, amma artıq bəzi şəxslər o dəyərlərdən uzaq düşüblər: “Bəzi insanlar, hətta qurumlar və onların başında, yanında dayananlar inkişafa yox, geriyə dartırlar və adını da qoyurlar islahat. Hər kəsin gözü önündə birinə bütün şərait yaradılır, ondan 10 metr kənarda olana cəhənnəm əzabı yaşadılır, məgər buna islahat adı vermək olar? Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı verdiyi sərəncamları birbaşa icra edənlər düzgün icra etsəydi, ölkə gül-çiçək olardı. MDB məkanında, bütün regionda sahibkarlığın inkişafı üçün Prezident İlham Əliyev qədər addımlar atan, fərman və sərancam verən, konkret məqamlar üzrə sərt addımlar atan ikinci lider yoxdur. Bəs nədir problem? Ali rəhbərin siyasi iradəsi ortadadır, çıxışımın əvvəlində sizlərin xidmətlərini də sadaladım. Bəs problem haradadır? Çox gözəl bilirəm haradadır. Amma, gərək mənim də zəmanətim ola ki, məsələləri bir-bir çılpaqlığı ilə sadalayam. Olmasa, belə uyğun məqam olan zaman bunu etmək fikrindəyəm. Dəqiq görə bilmirəm, bəlkə də elə burada da oturan qonaqlar arasında o gül-çiçəyin yerinə tikan əkənlər var, özü də qorxmadan, çəkinmədən, laqeydcəsinə. Yəqin qanunların bizlər və onlar üçün fərqli məzmunu var, biz onları fərqli görürük rənglər kimi. Indi bilmirəm mənim xəstəliyimin adı daltonizmdir, yoxsa onların. Dünən sərt tənqidlər səsləndirdim bu tribunadan. Hörmətli deputat həmkarım Rüfət Quliyev irad bildirdi ki, konkret ad çək! Bunu ona görə etmirəm ki, həssas dövrdən keçirik və biz öncə siyasi birliyi də düşünməliyik, hazırkı həssas dönəmi, Qarabağı, separatçıların ram edilməsini və köçkünlərimizin yurdlarına qayıtmasını da düşünməliyik. Cənab Prezident İlham Əliyevə həmişəkindən də 10 dəfə artıq dəstək olmalıyıq. Görün regionda hansı proseslər baş verir və onları ustalıqla kim idarə edir? İlham Əliyev”.

Xəbərlər