Siyasət 30 Mart 2023, 12:47 | Baxış sayı: 164
"Vaxt gələcək dünya ermənilərin bəşəriyyət üçün təhlükəli olduğunu qəbul edəcək"

"1998-ci ildən  Ulu Öndər Heydər Əliyevin fərmanıyla 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyi  tarixinin  beş ən faciəli və dəhşətli səhifələrindəndir. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. 

Deputat qeyd edib ki, 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı:

"Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir".

Millət vəkilinin sözlərinə görə,  2007-ci ildə Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı:

"Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir".

K.Bayramov əlavə edib ki, vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək: 

"O zaman dünya Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəkdir".

Xəbərlər