"Valideynlər qızları məktəbə buraxmır, onların dünyagörüşü olmur".
“On bir yaşlı bir uşağın gələcəyi, arzuları məhv edilir. Bu da bir insanı öldürmək mənasına gəlir. Elə bir ağır cinayətdir ki, cəmiyyəti ölüm hökmü tələbinə görə qınamaq da olmur. Cinayəti törədən atalıq mənəvi cəhətdən yaşamaq hüququnu itirib”.
Bu sözləri Modern.az-a müsahibəsi zamanı İmişlidən seçilən deputat Razi Nurullayev ögey atasının zorlaması nəticəsində hamilə qalan 11 yaşlı qızla bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, bu cür faciələrin qarşısını almaq üçün bəzi ciddi problemləri aradan qaldırmaq lazımdır:
“Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Aran regionunda qız uşaqlarının təhsil almasında böyük problemlər var. Valideynlər qızları məktəbə buraxmır, onların dünyagörüşü olmur. Bununla da cahillik əmələ gəlir. Belə çıxır ki, həmin ailələr də uşaqlarından tez azad olmaq istəyirlər. Bu baxımdan qız uşaqlarının məktəbə davamiyyəti yoxlanılmalıdır, bunu da etmək çox asandır.
Hər bir rayonun bələdiyyələri, icra orqanları var, onlar əslində rayonda olan problemli ailələri tanıyırlar. Kim kimin evinə gəlir, kim hansı işlə məşğuldur hamı yaxşı bilir. Belə ailə olduqda Azərbaycanın aidiyyatı orqanlarına müraciət etməlidirlər. Onlar da həmin ailəni nəzarətə götürməlidir ki, zamanında belə hadisələrin qarşısını ala bilsinlər”.
Deputat qeyd edib ki, belə hallara qarşı cəmiyyət birlikdə mübarizə aparmalıdır:
“Qız uşaqlarının başına belə bir iş gəlirsə, bunu heç kimlə bölüşə bilmir. Qorxur ki, onu ailədən qovacaqlar. Bax, bu fikirləri aradan qaldırmaq lazımdır. Uşağın ailəsi deyir ki, bizə lazım deyil. Bu cümləni işlədən insanın həyatda yaşama hüququ yoxdur. Bir insanın həyatını məhv edirsən, sonra da deyirsən ki, biz artıq istəmirik. Cəmiyyət olaraq belə hallara qarşı mübarizə aparmalıyıq. Azərbaycanda olan belə düşüncələri cəmiyyət özü sındırmalı, sahib çıxmalıdır. Hansısa bir insan səhv edirsə, onu linç etməli deyil. Bu məsələlərdə dözümlü yanaşmalıdır. Məsələn, bunu atalığı edib, bu artıq linç olunmalıdır. Hətta İmişlidən deyənlər var ki, onların bütün ailəsi İmişlidən qovulmalıdır. Təbii ki, mən buna çağırış etmirəm, amma bu cür davranış göstərən insanlar cəmiyyət tərəfindən qınanmalıdır. Uşağın anası belə halı bilibsə, o da analıq haqqından məhrum olunmalıdır”.
“Mən hazırda İmişlidəyəm. Ümumiyyətlə, bu məsələ diqqət mərkəzindədir. Uşağın ana tərəfinin qohumları ilə görüşmək istəyirəm, mənə onların mövqeyi maraqlıdır. Biz indi bunu araşdırmalıyıq ki, qız uşağını təzədən həmin ailəyə vermək olar, yoxsa yox. Öyrənmək istəyirəm ki, qohumlarının məsələyə münasibəti necədir, bundan sonra artıq müəyyən məsləhətləşmələr aparılacaq. Həmin uşaq da ciddi psixoloji problemlər yaşayır, onun yardım alması üçün əlimizdən gələni edəcəyik”,- deyə deputat məsələni nəzarətə götürdüyünü deyib.