”Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan gəncdir, həbs yerinə cəmiyyət qarşısında üzr istəyərdi…”
Xəbər verdiyimiz kimi, Milli Konservatoriyanın binasının qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan 21 yaşlı gənc Elvin İsmayılov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib. Gəncin həbsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi ictimaiyyət nümayəndələri bildirirlər ki, həmin gəncə xəbərdarlıq etməklə də kiyafətlənmək olardı, həbs cəzası ağır tədbirdir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev də Pravda.az-a açıqlamasında səslənən fikirləri dəstəkləyib.
Deputat bildirib ki, Üzeyir Hacıbəyovun heykəlinə qarşı edilən hörmətsizlik barədə yazısında konkret olaraq həmin gəncin cəzalandırılmasının tərəfdarı kimi çıxış etməyib: “Cavandırlar. Bəlkə də, anlamadan o hərəkəti ediblər. Gənclər arasında dahi şəxsiyyətlərimizə, maarifçilərimizə, qəhrəmanlarımıza qarşı bu cür hərəkətlər yolverilməzdir. Tələbədirsə, onu tənbeh etmək, haradasa çalışırsa, iş yerində müəyyən söhbət aparmaq olardı. Bu da müəyyən dərəcədə ictimailəşdirilərdi. Gəncdir, yəqin, o da hərəkətinə görə cəmiyyət qarşısında üzr istəyərdi. Hazırda bütün dünya universitetlərində “davranış psixologiyası” deyilən fənn tədris olunur. Çox mühüm fəndir. Təəssüf ki, bizdə psixologiyanın özünün tədrisində ciddi problemlər var. Davranış psixologiyası ilə bağlı ədəbiyyatlar tərcümə olunmalıdır. Bu fənni tədris edən müəllim də lazımdır”.
E.Əliyev qeyd edib ki, gənclər arasında dəyərlərə hörmət, dəyərlərin qorunması istiqamətində çox ciddi iş aparılmalıdır: “Belə halların qarşısını almaq üçün profilaktik maarifçilik işi aparmaq lazımdır. Uzun illərdir, təhsil problemləri ilə məşğul oluram. Universitetlərin qarşısında tələbə davranışlarını müşahidə edin, görün nə çatışmazlıqlar var? Bu gün televiziyalarda gənclərin davranışları ilə bağlı çox böyük qüsurlar var. Guya televiziyada yumor nümayiş etdirirlər. Tələbə-gənclər də çalışırlar ki, özlərini onlara bənzətsinlər. Yeni ildə beş gün iş olmadı, televiziyada bir dənə olsun intellektual söhbətə rast gəldinizmi? Xeyr. Çünki bu, onlar üçün maraqlı deyil. Onlar müğənnilərdən, yumoristlərdən müsahibə götürürlər. Olsun, amma bir az da ziyalıya, yazıçıya, şairə yer vermək lazımdır, axı onların fikirləri bütün dövrlərdə cəmiyyətlər üçün çox böyük əhəmiyyət kəsb edirdi. Sosial şəbəkələrdəki çatışmazlıqlar, ziyalı mövqesizliyi faktoru da çox ciddi önəm kəsb edir. Aforizm yazmaqla deyil. Heç çoxu aforizm də yaza bilmir. Cavan adamdır, bir də görürsən, aforzim yazır. Baxırsan, bəlkə də, heç orta səviyyəli biliyi yoxdur”.
Deputat vurğulayıb ki, maarifləndirmə işlərində xüsusilə universitetlər, televiziyalar yaxalarını kənara çəkməməlidirlər: “Yadıma gəlmir ki, universitetlərdə sonuncu dəfə nə vaxt bir yazıçı, şair, ictimai xadim, politoloqla görüş təşkil olunub. Bunu görmürəm. Tələbələr toplaşalar, mütaliə haqqında suallar verələr - necə oxuyaq, nəyi oxuyaq, gələcəkdə bizi nə gözləyir, hansı ixtisaslar gələcək üçün maraqlıdır, gələcəyin psixologiyası, pedaqogikası nədir, fəlsəfəni, ədəbiyyatı öyrənmədən hara gedirik? Universitetlərə də bu, maraqlı deyil. Elə bil mürgüləmə sindromu var. Bu sindrom nəticəsində gənclər arasında maarifləndirmə aparılmaması öz neqativ fəsadlarını göstərir”.