Siyasət 27 Noyabr 2023, 18:16 | Baxış sayı: 178
“USAID-yə xidmət edənlər Azərbaycana qarşı çox aqressiv mövqedədirlər”

“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yaranandan bəri onun tərkibində müxtəlif institutlar da yaratmışdılar. Vaxtilə USAID-nin maliyyələşdirdiyi Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutu, Beynəxlaq Respublikaçılar İnstitutu kimi institutlar Azərbaycanda ayrı-ayrı partiyalara dövlət əleyhinə iş aparmaq kursları keçirdilər. Bu məsələlər bir neçə dəfə müzakirə olundu. USAID-nin fəaliyyəti Azərbaycanın maraqlarına cavab vermirdi. Bu hal təkcə Azərbaycanda deyil. USAID “Soros”dan aldığı maliyyələrin hesabına Yuqoslaviya hadisələrindən başlamış  başqa-başqa ölkələrdə həm rəngli inqilablar planlaşdırır, həm də insanları dövlət əleyhinə qızışdırır, onları öyrədir, yalan məlumatlar yayır. Siravi media orqanlarını, qeyri-hökumət təşkilatlarını, blogerləri də maliyyələşdirir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

“Həmişə şəffaflığın tərəfdarı olmuşuq. Deyirdik ki, hansı QHT haradan maliyyə alırsa, maliyyəsinin mənbəyini göstərməli, görəcəyi işlər haqqında məlumat verməli, planı olmalı, proqramını ortaya qoymalıdır. İstənilən QHT qrant ala bilər, amma qrantın mənbəyi və fəaliyyət istiqaməti ortada olmalıdır. Bu, qanunvericiliyimizin tələbidir. USAID-yə xidmət edənlər indi daha da aqressivləşiblər. Müxtəlif ölkələrə, erməni lobbisinə təsiri və digər məsələlərlə bağlı Azərbaycana qarşı çox aqressiv mövqedədirlər”, - deputat deyib.

 

S.Novruzov USAID-nin BMT-yə aid təşkilat olmasına baxmayaraq, ABŞ-nin dediklərini icra etməsinə də diqqət çəkib: “Bir sıra təşkilatlar hara aid olmalarından asılı olmayaraq ABŞ-nin dediyi ilə oturub-dururlar. Məsələn, “Human Rigts Watch”, “Sərhədsiz Reportyorlar”, “Freedom House” və s. kimi təşkilatlar guya beynəlxalq təşkilatlardırlar, guya bunlar müstəqildirlər. Halbuki Amerikanın “barmağı” ilə oturub-dururlar. Çünki hamısının maliyyə mənbələrini ABŞ təmin edir. Bu baxımdan, Amerikanın verdiyi tapşırıqları canla-başla yerinə yetirirlər. Sözügedən təşkilatlarda çox böyük korrupsiya yeyintiləri var. Vaxtilə keçirdikləri tədbiləri izləmişəm, əksəriyyəti özünə əməkhaqqı yazıb götürməklə məşğul olub. Az sayda Azərbaycandan və digər yerlərdən adamları cəlb edirlər…”

 

S.Novruzov bildirib ki, indiki zamanda hər ölkənin qarşısında dayanan ən birinci məsələ onun təhlükəsizliyinin təminatıdır: “Bu təhlükəsizliyin qarşısına hansı maneə çıxacaqsa, aradan qaldırılmalıdır. Hansısa sahədə USAID-yə bağlı şəxslər varsa, hansı strukturda belə insanlar çalışırsa, tapılıb ortaya çıxarılmalı, qarşısı alınmalı və cəzalandırılmalıdır”.

pravda.az

Xəbərlər