Cəmiyyət 22 İyun 2023, 1:29 | Baxış sayı: 112
"Ümid edirəm ki, bundan sonra belə hadisə baş verməyəcək”

Bildiyimiz kimi, dünən günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kənd sakinləri kənd ərazisində süni gölün tikintisinə etiraz əlaməti olaraq aksiya keçirib.

Aksiyaya müdaxilə zamanı polis əməkdaşlarından biri yaşlı qadına gözyaşardıcı qaz tətbiq edib.

Bu hadisə sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Maraqlıdır, kənd sakinlərinin etirazı bilavasitə qızıl emalı zamanı ərazinin çirklənməsi ilə bağlıdır, yoxsa bu olayın arxasında başqa məqamlar da var?

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə polisin yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə etməsindən məyus olduğunu bildirib.

 

 

“Mən çox təəssüf edirəm ki, belə bir hadisə baş verib. Onlar bizim vətəndaşlarımızdır. Orada fəaliyyət göstərən şirkət sakinlərlə sıx şəkildə işləməli idi. Tikinti işini indi aparmasın, 1 ay sonra aparsın. Kəndin ziyalıları, ağsaqqaları ilə işləyib, onlara izah edib, təkliflərini nəzərə alıb ortaq məxrəcə gəlinə bilərdi", - Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, sivil yolla - danışıqlarla, vətəndaşları dinləməklə məsələni sakit şəkildə həll etmək olardı:

"Ümid edirəm ki, bundan sonra belə hadisə baş verməyəcək”.

Gədəbəydəki etirazların səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Kimi bunu qızıl mədəni uğrunda mübarizə getdiyi, kimi hansısa qüvvələrin hakimiyyətə qarşı narazılıq yaratmaq istəyi ilə izah edir. Kənd sakinlərinin etirazının bilavasitə ekoloji problemlə bağlı olduğunu bildirənlər də var.

A.Mirzəzadə bu fikirlərlə bağlı müvafiq hakimiyyət orqanlarının açıqlama verəcəyini bildirib:

“Hər halda məsələ ilə bağlı müvafiq hakimiyyət orqanları tərəfindən araşdırma aparılacaq. Dünən DİN bildirdi ki, zorakılıq halları ilə bağlı araşdırma gedir. Bu məsələlərlə bağlı yaxın vaxtlarda müvafiq hakimiyyət orqanları ayrıca açıqlama verəcək”.

Xəbərlər