Cəmiyyət, Siyasət 20 May 2021, 16:36 | Baxış sayı: 435
Ülvi Quliyev: "Dünyanın müxtəlif guşələrində baş verən terror hadisələrini islamiləşdirənlər,sanki, islamofobiya və türkofobiya “azarına” tutulublar".

Ermənistanın siyasi-hərbi rəhbərliyi köhnə vərdişlərindən əl çəkmir. Onların psixoloji durumundakı natarazlıq artıq o həddə çatıb ki, 44 günlük haqq savaşımızı da Azərbaycanın aqressiyası kimi qələmə verməyə çalışırlar. Həqiqətən, bunların beyinləri o dərəcədə dumanlanıb və o səviyyədə zəhərlənib ki, 30 il ərzində məhz özlərinin Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətinin və hərbi aqressiyalarının unudulduğunu, yaxud unudulacağını zənn edirlər. Bu,yalnız Ermənistanın dövlət siyasətindəki ənənəvi hiyləgərliyindən irəli gəlmir.  Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini saya salmayanda,həmin qətnamələri qəbul edənlər və Minsk qrupunda onların icrasını Ermənistandan tələb etməli olanlar, bu vəzifələrini yerinə yetirmiş olsaydılar,ermənilər indiki qədər çığallıq etməzdilər. Həmsədr ölkələrin təmsilçiləri işğal altında olan Qarabağa səfər edərkən,ermənilər tərəfindən orada inşa edilmiş mühəndis-istehkam sədlərini və viran qoyulmuş torpaqları görməməzlikdən gəlməsəydilər,Ermənistan indiki kimi, özündən başqa hamını günahkar çıxarmazdı.Ötən illər ərzində bir dəfə də şahidi olmadıq ki,Birinci Qarabağ savaşından sonra itkin düşmüş dörd min nəfərdən artıq həmvətənimizin qaranlıq taleyi  həmsədrləri maraqlandırsın,ermənilər buna görə sorğu-sual edilsin.Amma 10 noyabr üçtərəfli Birgə Bəyanat imzalandıqdan sonra, Azərbaycan ərazisində tərkisilah edilib saxlanılan erməni diversant-terror qruplaşmasının  azad olunması istəyində ağlasığmaz həmrəylik görürük.Fransa prezidentinin erməni dilində postuna şahidlik edirik.Həqiqi soyqırımı hadisəsini-Xocalı soyqırımını görməməzlikdən gələnlər,uydurma “erməni soyqırımını” tanımaqda da eyni mövqedən çıxış edirlər.Dünyanın müxtəlif guşələrində baş verən terror hadisələrini islamiləşdirənlər,sanki, islamofobiya və türkofobiya “azarına” tutulublar.Başqa vaxt təqsirsizlik prezumpsiyasından dəm vuranlar,cinayətkarın milliyyəti olmur deyənlər,hansısa cinayətin arxasından bir müsəlman çıxdıqda,islamçı “möhürü” dərhal peyda olur.Amma bu “möhürü” vuranlar 44 günlük müharibə dövründə Gəncədə,Bərdədə, Tərtərdə,Naftalanda, Mingəçevirdə və digər rayonlarımızda mülki əhalimizə qarşı Ermənistan tərəfindən ballistik raketlərlə törədilmiş müharibə və insanlıq əleyhinə olan cinayətləri, günahsız qurbanları,taleləri sındırılmış yüzlərlə azərbaycanlı ailəsini nədənsə görmədilər.Öz təmsilçilərinin və media nümayəndələrinin “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamı da sanki görmürlər.Altmışdan çox məscidimizin dağıdılıb təhqir olunması da,məzarlardan doğmalarımızın  sümüklərinin çıxarılması da Ermənistana dəstək verənlərin eyninə deyil.Görəsən,həmsədrlərdən hansısa,nə zamansa etiraf edəcəkmi ki,əgər mandatlarına əməl edib 1992-ci ildə Ermənistan tərəfindən BMT qətnamələrinin icrasına nail olsaydılar,zamanında işğalçının ağlını başına yığsaydılar,minlərlə insan müharibələrdə həyatını itirməzdi?!  Qondarma “erməni soyqırımı”, uydurma “hərbi əsir” məsələsində Ermənistanın yanında dayananlar, niyə ondan tələb etmirlər ki,Qarabağda minaladıqları ərazilərin xəritəsini Azərbaycana təhvil versin?! Axı,Ermənistanın  ölkəmizə qarşı davam etdirdiyi çoxsaylı müharibə cinayətlərindən biri də elə budur.Bu cinayət onların gözü qarşısında hələ davam edir,yeni qurbanlar alır...

     

Cəmiyyətimizdə bu cür suallar kifayət qədərdir.Onların yaranmasının səbəbkarı da Azərbaycan cəmiyyəti deyil. Əgər bütün bu sualların bir səbəbi Ermənistanın siyasi-hərbi təxribatlarına bağlıdırsa,digər səbəbi onu bu cür hərəkətlərin davamına həvəsləndirən və ədalətsiz iddialarına dəstək verən siyasi dairələrlə əlaqəlidir.Bəzən elə təəssürat yaranır ki,həmin himayədarlar erməni bicliyindən,bic erməni siyasətindən bixəbərdirlər.Axı,bu, inandırıcı deyil.Ən azından ona görə ki,”inanmış” kimi görünənlər sıradan biriləri deyil.Məlum olduğu kimi,10 noyabr  və 11 yanvar üçtərəfli Birgə Bəyanatlarda kommunikasiyaların açılması nəzərdə tutulub. Ermənistana güzəştə gedilməsinin və erməni hərbçilərinin son nəfərinə qədər məhv edilməməsinin səbəblərindən biri də məhz bu razılaşma,Ermənistanın imzaladığı təslimçilik aktı olub. Amma sərhədçilərimiz Zəngəzurda Qaragöl ətrafında rəsmən Azərbaycana aid olan ərazini mühafizəyə alan kimi,Ermənistan əvvəlcə KTMT-yə müraciət etdi.Görəndə ki,onların əsassız və boş hay-küyü istədikləri effekti vermir,NATO-ya üz tutdular. Həqiqətən,bunların beyinləri zəhərlənib.NATO-ya ünvanladıqları müraçiətin mətnindən belə görünür ki,guya Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək ”koridor” məsələsi ermənilər üçün “yenilikdir”.Belə çıxır ki,Ermənistan imzaladığı üçtərəfli Birgə Bəyanatlarla üzərinə götürdüyü öhdəliyin icrasından imtina edir.Əgər belədirsə,NATO ilə KTMT-ni,əslində,ABŞ-la Rusiyanı üz-üzə qoymaq siyasətini yürüdən,gah onun,gah da bunun qucağına sığınan Ermənistanda dərk etməlidirlər ki,bu günə qədər Qarabağda erməninin suyunu,çörəyini verən,onlara ev-eşik quran Rusiya üçün siyasi reputasiya hazırda birnömrəli məsələdir.Ermənistan xislətinə uyğun olaraq, öhdəliyindən imtina edə bilər.Lakin inanmıram ki,Rusiya öz  zaminliyindən imtina edib siyasi nüfuzunu sual altında qoysun.Xüsusən,KTMT-yə müraciətindən dərhal sonra NATO-ya ,əks hərbi bloka müraciət edən Ermənistana görə.Ermənistan ərazisində Rusiyanın hərbi bazası ola-ola,onun dövlət sərhədlərinin keşiyində Rusiya hərbçilərinin dayandığı bir vəziyyətdə, böyük güclər siyasi oyunbazlıqla məşğul olan Ermənistan naminə bir-biri ilə açıq müharibəyə çıxmayacaq.Bununla yanaşı,o da inandırıcı deyil ki,həmin güclər Fransanın “kiçik bacısının”-Ermənistanın şıltaqlığına görə Qafqazda olan maraqlarından imtina etsinlər...

     

Amma maraqlı qüvvələr bilməlidirlər ki,Ermənistandan fərqli olaraq,Azərbaycan nə dövlət müstəqilliyindən,nə də beynəlxalq hüquqla qorunan haqlarından imtina etməyəcək.Ümummilli Liderimiz Heydər Əliyevin “Biz azadıq,biz müstəqilik,biz sərbəstik.Biz heç kəsdən asılı deyilik.Biz özümüz öz taleyimizin sahibiyik” fikirləri Azərbaycan xalqının qanından və tarixi yaddaşından qaynaqlanır.Bugün həmin tarixi yaddaşın keşiyində beynəlxalq-hüquq normaları ilə yanaşı, Azərbaycan xalqının iradəsi və yalnız bu iradəyə söykənən Prezident İlham Əliyevin siyasi qətiyyəti,tarixi ədalət tələbi dayanır.Xalqımızın birliyini zaman-zaman kənardan sınağa çəkmək istəyənlər,qoy bilsinlər ki,Vətən,Torpaq və Müstəqilliyimizin keşiyində dayanan iradə birliyimiz sarsılmazdır.Ona görə də özlərini boş yerə yormasınlar. Qardaşa qardaş,dosta dost olmaq,düşmənlə isə kimliyindən,mədəniyyətindən və dinindən,milliyyətindən və irqindən asılı olmayaraq, mərdi-mərdanə düşmənçilik etmək xalqımızın alın yazısıdır.Dünya idarəçilyinə iddialı olanlar üçün isə ən doğrusu o olardı ki,son 30 ildə hərbi təcavüz və işğalçılıq siyasətini yürüdən Ermənistanın yenidən həvəslənməsi üçün  ona imkan və fürsət tanımasınlar,bilərəkdən və ya ehtiyatsızlıqdan əsas verməsinlər.XX əsrdə dünya böyük qanlar görüb,faciələr yaşayıb.XXI əsr sülh əsri olmalıdır: mədəniyyətlərin və dinlərin,millətlərin və irqlərin qarşılıqlı hörmət əsasında dinc birgəyaşayış əsri.Bu,dünya idarəçilyinə iddia edənlərdən daha çox asılıdır...

Xəbərlər