“Təzyiq vasitəsilə məsələ həll olunmur…”
“Aclıq aksiyası qanuna təsir etməyin heç bir mexanizmi deyil. Aclıq aksiyası keçirən hər kəs bu aksiyanı dayandırmalıdır. Vəkillər, ayrı-ayrı hüquq instansiyaları var, onlara müraciət etməlidirlər. Məsələyə baxılmalı, qərar qəbul edilməlidir. Hansı məhkəmə düzgün qərar verməyibsə, ondan da yuxarı instansiya var, qərardan şikayət üçün ora müraciət etmək lazımdır. Hüquqi müstəvidə bu məsələni həll etmək olur. Təzyiq vasitəsilə məsələ həll olunmur. Bəxtiyar Hacıyevin həbsi ilə əlaqədar ictimaiyyətə məlumat verilib ki, o, hansı səbəbdən həbs edilib. İstintaq gedir. Məhkəmənin hökmü olacaq. Məhkəmənin hökmü verilməyənə qədər hər hansı bir söz demək olmaz…”
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin 25 gündür, aclıq aksiyası keçirməsinə münaibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, statusundan asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir: “Peşəsi, ixtisası, bitirdiyi təhsil müəssisəsi, maddi durumu və s. – bunların heç biri qanuna təsir edən amillər deyil. Qanun qarşısında hamı bərabərdir. Qanuna hörmətlə yanaşmaq lazımdır…”