“Türkiyədən olan deputat AŞPA-da əleyhimizə səs verdi”
Bizim Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı bəyanatımızda müəyyən məsələlər öz əksini tapıb və AŞPA nəyə görə buna gedibsə, bu, fakt kimi göstərilib”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı vahid Əhmədov deyib.
Millət vəkili yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırılmasının səsəblərini izah edib.
V.Əhmədova görə, AŞPA-nın özünün qəbul etdiyi qərarlarda kifayət qədər qərəzli faktlar çoxdur:
“20 ildir ki, Azərbaycanla AŞPA ilə münasibətlərdə elə də ciddi bir problem yox idi. Müəyyən nöqsanlar olsa da, əlaqələr normal idi. Bəs nə oldu ki, AŞPA birdən-birə belə bir qərara gəldi? Çünki Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bundan sonra prezident seçkilərinə start verdi ki, bu da tamamilə düzgün bir addımdır”.
Müsahibimiz əmin edib ki, AŞPA-da bütün bunları qəbul etmək istəmədilər:
“Onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini istəmirdilər, çünki erməni lobbisinin AŞPA-ya təsiri güclü idi. Digər tərəfdən isə Prezident İlham Əliyevin apardığı müstəqil siyasəti bir sıra dövlətlər qəbul etmək istəmirlər. Dövlət başçısı da Azərbaycan dövlətinin və xalqın maraqlarını nəzərə alaraq öz siyasətini aparır. Ona görə də AŞPA-da bizə qarşı belə bir münasibətin olması dünən pik nöqtəsinə gəlib çatdı və həmkarımız Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Strasburqdakı işini dayandırdı”.
Deputatın fikrincə, bu tamamilə düzgün bir addım idi:
“Mən bunu alqışlayıram. Maraqlıdır, 30 ildir ki, torpaqlarımız işğalda olanda onlar lehimizə müsbət qərarlar çıxarıb addımlar atdı?! Əlbəttə ki, xeyr. Bəs indi nə oldu ki, biz ərazi bütövlüyümüzü təmin edəndən sonra başladılar?! Biz başqa dövlətin ərazisinə girməmişik, öz torpaqlarımızı azad etmişik. Ona görə də onlar bunu qəbul edib həzm edə bilmirlər. Bu məsələlər də gözlənilən idi ki, bu haqda söz-söhbətlər olacaq”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, hazırda nümayəndə heyətimizin fəaliyyəti dayandırılıb:
“Mənə elə gəlir ki, bu, uzun müddət çəkməyəcək və məcbur olub dəvət edəcəklər. Mən orada səsverməyə baxdım, sözügedən səsvermədə bizə yaxın olan dövlətlər var idi – İtaliya, Serbiya, Sloveniya və s. dövlətlər də bizim əleyhimizə səs verdilər. Hətta Türkiyə dövlətindən olan 10 nəfərlik nümayəndə heyətindən 9-u lehimizə, 1-i əleyhimizə səs verib. Mən həmin deputatın kimliyinə baxdım və məlum oldu ki, o, HDP üzvüdür. O cümlədən Albaniyadan bir nəfər əleyhimizə səs verib və onlarla münasibətlərimiz daim yüksək səviyyədə olub”.
Onun qənaətinə görə, elə dövlətlərin Azərbaycanın əleyhinə səs verməsi qəribədir:
“Çünki onların Azərbaycanla çox ciddi iqtisadi-siyasi və humanitar əlaqələri var. Eləcə də Azərbaycan hər zaman bu dövlətlərə yardım əlini uzadıb, ticarət dövriyyəsi kifayət qədər genişdir. Məncə, nümayəndə heyətimizin müvəqqəti fəaliyyətini dayandırması bir müddətlikdir. Onsuz da Azərbaycan dövləti burada heç nəyi uduzmadı, əksinə, uduzan AŞPA olacaq. Çünki AŞPA Azərbaycan kimi bir dövləti öz sıralarından kənarlaşdırmaq planını qurursa, bu, onun üçün yaxşı nəticə verməyəcək. Hətta orada Ukraynadan çıxış edən deputat bir daha sübut etdi ki, bunu təsiri AŞPA-ya olacaq, nəinki Azərbaycana. Burada məsələnin əsas məğzi Qarabağın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasıdır”.
yenisabah.az