Ümumi 14 Noyabr 2022, 15:21 | Baxış sayı: 226
"Türkiyədə baş verən terror seçki ilə deyil, daha çox Türk Dövlətlər Təşkilatının Zirvə toplantısı ilə əlaqədar ola bilər"

“Türkiyədə baş verən terroru seçki ilə əlaqələndirmirəm. Bu, daha çox Türk Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısı ilə əlaqədar ola bilər. Çünki toplantı çox yüksək səviyyədə keçirildi və get-gedə TDT-nin miqyası böyüyür, genişlənir. Bu da qonşu dövlətləri, eyni zamanda digər dövlətləri narahat edir. Ona görə də cəhd edirlər ki, terrorla müəyyən qədər insanları qorxutsunlar. Amma Türkiyə dövləti böyük dövlətdir. Belə şeylər o qədər də əhəmiyyət kəsb etmir. Terror nəticəsində ölənlərə Allahdan rəhmət, qalanlara can sağlığı arzu edirəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

 

Deputat baş verən terrorda ASALA-nın adının hallanmasına da münasibət bildirib: “Məlumatlar yayıldı ki, guya terroru ASALA  boynuna götürür. Hətta xəbərdarlıq da edib ki, Azərbaycan özünü gözləsin. ASALA təşkilatçılıq edə bilər. Amma daha çox PKK-nın işinə oxşayır. Çünki tutulan qadın Diyarbəkirdəndir, o cümlədən Kürd Fəhlə Partiyasının üzvüdür. Yəqin ki, terror onlar tərfindən təşkil olunub. Çünki Türkiyədə PKK-ya qarşı çox ciddi mübarizə gedir. Kimliyindən asılı olmayaraq, fakt budur ki, cinayət törədilib. Bunun cavabını, yəqin ki, Türkiyə dövləti verəcək. Faktiki olaraq 6 nəfər ölüb, 80-dən çox yaralı var. Əlbəttə bu, yaxşı hal deyil. Yenə də düşünürəm, terror Türk Dövlətlər Təşkilatının yaranması, genişlənməsi ilə əlaqədar mesaj forması ola bilər. Amma bunların heç birinin xeyri yoxdur. TDT gündən-günə möhkəmlənir, rəhbərlər arasında çox ciddi, xoş münasibətlər var, perspektivə hesablanan qərarlar qəbul edirlər. Ona görə də, baş verənlər müvəqqətidir, keçib gedəcək”.

 

V.Əhmədov bildirib ki, terrorda guya İranın da əlinin olduğu bildirilir: “İran, ümumiyyətlə terror təşkilatı kimi tanınır, müəyyən terror qruplaşmlarına yardım edir. Bu da ola bilər. Amma hər halda araşdırılacaq. İranda gedən məsələlər, qadınların hicabı atmaları və s. – bütün bunlar çox ciddi məsələlərdir. Hamısı cəzasını almalıdır. Onsuz da tapacaqlar, cəzalarını da alacaqlar. Gizlətmək mümkün deyil axı”.

Xəbərlər