Siyasət 24 May 2023, 16:25 | Baxış sayı: 93
“Türkiyə seçicisinin rəyinə hörmətlə yanaşacağıq”

“Prezident seçkilərinin ilk turunda 5 faizdən çox səs toplayan ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanın indiki Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi seçkinin nəticəsinə təsir edəcək”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, bu, seçkinin nəticəsini indidən maraqlı edir və bununla bağlı bir çox nəticə variantları irəli sürülməkdədir:

“Əlbəttə ki, son nəticəni seçici deyəcək və indidən kimin qalib gəldiyini demək düzgün olmazdı. Biz Türkiyə seçicisinin rəyinə hörmətlə yanaşacağıq. İndiki prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə xalqı qarşısında xidmətləri çoxdur. 

Eyni zamanda, Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsi və daha yüksək səviyyəyə qaldırılması üçün çox böyük xidmətləri var. Əlbəttə ki, Azərbaycan xalqı onun fəaliyyətini yüksək qiymətləndirir. Seçkidən sonra artıq bizim münasibətlərimizin daha da genişlənəcəyi və daha da dərinləşəcəyi gözləniləndir. Çünki biz bir kökdən gələn, bir tarixdən gələn bir millət, iki dövlətik! Bizlərin münasibəti bugün dünya üçün bir nümunədir. 
Prezidentimiz cənab İlham Əliyev Türkiyə ilə münasibətlərə çox yüksək qiymət verir. Daima Türkiyənin maraqları ilə Azərbaycan maraqlarının bir yerdə olması üçün fəaliyyət göstərir və bunun müsbət nəticələri vardır. 

Türkiyənin maraqlarının qorunmasında cənab Prezidentimizin böyük xidmətləri var, eyni zamanda Türkiyənin Azərbaycan maraqlarının qorunmasına, işğaldan azad olunan ərazilərdə bərpa işlərində Türkiyə şirkətlərinin yaxından iştirakını yüksək qiymətləndirir. Bu yolun davam etdirilməsinə çox böyük ehtiyac var. Bu yolun birlikdə davam etdirilməsinə hər iki cəmiyyətin sosial sifarişi var. 

İnanıram ki, seçkidən sonra bu münasibətlər daha da möhkəmlənəcək. Hər iki dövlət başçısı bu münasibətlərin daha da səmərəli olması üçün özlərinin yüksək fəaliyyətini dünyaya göstərəcəklər”.

Xəbərlər