Siyasət 16 Fevral 2023, 14:33 | Baxış sayı: 235
“Türkiyə ilə Ermənistanın yaxınlaşmasıdan narahat olmağın heç bir əsası yoxdur”

“Türkiyə ilə Ermənistanın yaxınlaşmasıdan narahat olmağın heç bir əsası yoxdur. Türkiyə bizim dost, qardaş dövlətimizdir. Bir millət, iki dövlətik. Bütün dövrlərdə də bunun şahidi olmuşuq ki, Türkiyə Azərbaycan maraqlarından zərrə qədər geri çəkilməyib. Ermənistanla Türkiyə arasındakı sərhədlərin bağlanmasına əsas səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi idi. Belə bir məsələ qoyulmuşdu ki, nə vaxta qədər Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayacaq, o vaxta qədər də Ermənistanla Türkiyə arasında quru sərhədlə heç bir əlaqə olmayacaq. Türkiyədə baş verən fəlakət səbəbi ilə qardaş ölkəyə bəzi ölkələrdən quru yolla gətirilən yüklərin bir hissəsi Ermənistandan keçməli idi. Bununla əlaqədar sərhədin açılmasına zərurət var idi və sərhəd açıldı. Digər tərəfdən Ermənistanın Türkiyəyə başsağlığı verməsi, eyni zamanda xilasedicilərdən ibarət qrup göndərməsi Ermənistanın normal münasibətlər yaratmaq istəməsinə dəlalət kimi qiymətləndirildi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat 1988-ci ildə Spitakda baş verən zəlzələni də xatırladıb: “Xatırladım ki, vaxtilə Spitak zəlzələsi zamanı Türkiyə də, Azərbaycan da Ermənistana yardım göndərmişdi. Lakin məlumdur ki, hər iki təyyarənin aqibəti necə oldu - uçuş zolağı verilmədiyinə görə havada qəzaya uğradı. Bununla yanaşı, hesab edirəm ki, sülh danışıqlarının gedişatı dövründə belə məsələlər sülhün əldə olunmasına, bəlkə də, hər hansısa formada təkan verə bilər. Artıq Ermənistanın bir çox ölkələrlə münasibətləri kəskinləşib. Ermənistanı KTMT və digərləri ittiham edir. Belə olan halda Ermənistan çıxış yolları axtarır. Çıxış yollarından biri də Türkiyə - NATO dövlətləri ilə əlaqələrin qurulmasıdır ki, burdan özünə hər hansı sərhəd əldə etsin və çıxış qazansın. Çünki Ermənistanın çıxışı olan ölkələrdən yolu üçüncü ölkəyə gedib çıxır. Məsələn, Gürcüstan vasitəsilə Rusiya. İranla bağlı da ciddi problemlər var, ona görə İrandan hər hansı ölkəyə çıxış məsələsi də Ermənistana problem yaradır. Bu baxımdan Ermənistanın tək yolu qalır ki, Azərbaycan və Türkiyə vasitəsilə dünyanın digər ölkələri ilə əlaqə qursun. Bu da sülh müqaviləsindən, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımasından asılıdır. Görürsünüz ki, bu sahədə də sürətlə işlər görülür - xarici işlər nazirlərinin görüşləri və s. Güman edirəm ki, bütün bunlar bilavasitə sülh müqaviləsinin imzalanmasına xidmət edir”.

Xəbərlər