Cəmiyyət 4 Avqust 2022, 14:31 | Baxış sayı: 170
"Türk dünyası regionda yeni gücə çevrilməkdədir".

Daşkənd şəhərində keçirilən Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündən sonra Daşkənd Bəyannaməsini imzalanıb. Bu sənəd Türk dünyasının rifahını yüksəldəcək bəyannamə kimi qiymətləndirilir. Son 2 ildə Türk dövlətləri arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Əvvəllər Azərbaycan Türkiyə münasibətləri daha çox diqqəti çəkirdisə hazırda Türk dövlətləri arasında yeni əməkdaşlıq platforması qurulmaqdadır.

Pravda.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov sözügedən bəyannamə ilə bağlı şərh verib.

Deputat bildirib ki, 1.2 tirlyon nominal ÜDM və 153 milyonluq əhalisi ilə Türk dünyası regionda yeni gücə çevrilməkdədir: "Bu baxımdan, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada qardaş dövlətlər arasında daha ünvanlı və sistemli əməkdaşlıq reallaşır. Bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türk dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi ötən ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək".

 

V.Bayramov qeyd edib ki, artıq dövlətlər daha dərin və liberal ticari əlaqələrə malik olmaq və birgə layihələrin reallaşdırılması ilə bağlı real əməkdaşlıq nümayiş etdirirlər: "Bu isə qardaş dövlətlərin daha da yaxınlaşmasına şərait yaradır. Nəhayət, son bəyannamə bir daha təsdiq edir ki, münasibətlər daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Dünyada formalaşdırılan yeni düzən kontekstində regionun yeni iqtisadi xəritəsi cızılmaqdadır".

Xəbərlər