"Tələbənin kəsrə görə pul ödəməsi rüşvətin rəsmiləşmiş formasıdır"
“Zərurət olanların köçürülməsinin qarşısını almaq olmaz. Məsələn, Naxçıvanda yaşayan əhalinin belə problemləri olur”.
Bunu Milli Məclisin noyabrın 5-də keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, köçürmələrlə bağlı problemlər burada səsləndirildi: “Hamımıza aydındır ki, əvvəllər Dağıstandan, Gürcüstandan köçürmələr çox idi. Bunun nə məqsədlə olduğunu bilirik. Əlbəttə, Harvard Universitetindən köçürmələr yox idi ki?!”.
Siyavuş Novruzov qiyabi və axşam təhsili məsələsinin bərpasına ehtiyac olduğunu bildirib: "Axşam təhsili olsa, tələbələr həm işləyib, həm təhsil ala bilərlər. Tələblər üçün kampuslar yoxdur. Tələbələr məcbur olub kirayədə qalırlar. Bir çox universitetlər kəsrləri pulluya keçirib. Bu, elə rüşvətin rəsmiləşmiş formasıdır. Əvvəllər müəllim pul alıb qiymət yazırdı. İndi kəsrə görə pul verilir, dərsdə oturur. Tələbə onsuz da təhsil haqqı ödəyir. Valideyn də verdiyi pulun hesabatını istəyəndə ona cavab verilmir. Əgər bir tələbənin 6 kəsri varsa, elə təhsil haqqının yarısı miqdarında kəsrə pul ödəməli olur. Digər tərəfdən, tələbə təqaüdləri artırılmalıdır və minimum yaşayış həddinə çatdırılmalıdır”.
Mənbə: apa.az