Siyasət 5 Yanvar 2023, 17:25 | Baxış sayı: 142
“Tələbələrin Qarabağdakı aksiyada iştirakını imtahanlarla, qayıb yazmamaqla əlaqələndirmək heç də doğru yanaşma deyil”

“Xankəndi yolunda keçirilən aksiyanı mübahisələndirmək, onunla bağlı dövlətimizin milli maraqlarına cavab verməyən fikirlər səsləndirmək yolverilməzdir. Kim buna yol verirsə, yaxşı hərəkət etmir, öz milliliyini şübhə altına qoyur. Belə şəxslərin fəaliyyətini şiddətli şəkildə qınayıram. Xankəndi-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri etiraz edirlər. Orada olan tərkib də əsasən vətəndaş cəmiyyəti təmsilçilərindən, fəal insanlardan ibarətdir…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Razi Nurullayev Şuşa-Xankəndi yolundakı aksiyada iştirak edən tələbələrə güzəştlər edilməsi, qayıb yazılmaması, imtahandan keçirilmələri barədə yayılan iddialara münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, aksiyada hər hansı tələbə də iştirak edirsə, bu, onun icazəsi, yaxud imtahanının olmaması və digər səbəblərlə bağlı ola bilər:

 

“Tələbə aksiyada bir gün iştirak edib qayıda bilər. Elə olur ki, insanlar öz işinə-gücünə görə aksiyada bir-iki gün iştirak edib, geri dönürlər. Buna normal yanaşıram. Tələbələrin iştirakını şübhə altına almaq, buna yaxşı baxmamaq, mübahisələndirmək doğru deyil. Tələbə də Azərbaycan vətəndaşıdır, o da QHT sədri, üzvü, ictimai fəal ola bilər. Onların aksiyada iştirakına pis baxmıram. Tələbə aksiyaya şənbə-bazar, yaxud bayram günü də gedə bilər. Bunu imtahanlarla, qayıb yazmamaqla əlaqələndirmək heç də doğru yanaşma deyil, qəbul etmirəm. Düşünmürəm ki, bu, belədir”.

Xəbərlər