Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 16:33 | Baxış sayı: 220
“Tibbi xidmətlərin əlçatanlığının təmin olunması, eyni zamanda, əhatə dairəsinin genişləndirilməsi üçün bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var”.

“Tibbi xidmətlərin əlçatanlığının təmin olunması, eyni zamanda, əhatə dairəsinin genişləndirilməsi üçün bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklilklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.

Deputat bildirib ki, söhbət əhalinin, vətəndaşların sağlamlığından gedirsə, burda dəqiq və praktik mexanizmlər tətbiq olunmalıdır:

“Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 tibbi xidmət daxil edilib. Əlavə resursların cəlb olunması tibbi Xidmətlər Zərfinin əhatə dairəsinin genişlənməsinə də stimul yarada bilər. Bu, xüsusilə sosial həssas qruplardan olan vətəndaşların mənafeləri baxımından çox vacibdir. Çünki bəzi hallarda bu kateqoriyadan olan vətəndaşlar zərfə daxil olmayan tibbi xidmətlərdən istifadə etməkdə çətinliklə qarşılaşır. Bu səbəbdən ümid edirəm ki, əlavə maliyyə daxilolmaları zərfə daxil olan tibbi xidmətlərin sayının davamlı artırılmasına xidmət edəcək”.

Deputat vurğulayıb ki, icbari tibbi sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir: “Bu baxımdan əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vətəndaşlar üçün səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması və keyfiyyətinin artırılması baxımından çox geniş imkanlar açır. Bu sahədə insanların maarifləndirilməsi, daha müfəssəl məlumat almasınının təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər qurumlar tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır. Bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var. Təklif olunan tibbi xidmətlər barədə vətəndaşların heç də hamısı yetərincə məlumatla malik olmur. Ona görə də hesab edirəm ki, həm kütləvi informasiya vasitələri, həm qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları bur prosesdə daha fəal iştirak edə bilər. Bu, həm ölkəmiz üçün, dövlətimiz üçün, həm də vətəndaşlarımız üçün çox vacib əhəmiyyət daşıyır. İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və effektiv etməyə imkan yaradır. Bu baxımdan, tibbi sığortanın tətbiqi ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi prosesi davamlı olmalıdır. Eyni zamanda, yeni sistemin vətəndaşa verdiyi üstünlüklər, onun tətbiqi prosesində meydana çıxan çətinliklər, nöqsanlara ictimai nəzarət də güclü olmalıdır. Əlbəttə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibbi xidmətlərdə dəyişikliklərin tətbiqi təbii olaraq xeyli zaman tələb edir. İnfrastrukturun yeni sistemin tələblərinə uyğunlaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində görüləsi işlər çoxdur. Lakin ən mühüm məsələlərdən biri də əhalinin məlumatlılığının artırılmasıdır. Buna görə də vətəndaşlar onların bilavasitə sağlamlığı ilə bağlı olan bu prosesin uğurla həyata keçirilməsində maraqlı tərəf kimi yüksək fəallıq və həmrəylik nümayiş etdirməlidir”.

Xəbərlər