Siyasət 7 İyul 2023, 15:17 | Baxış sayı: 149
"Tezliklə erməni hərbi birləşmələri Azərbaycan ərazisindən təmizlənəcək"

"Azərbaycanın Qarabağ bölgəsində hələ də erməni hərbi birləşmələri mövcuddur. Bu, yolverilməzdir".

Bunu "Unikal"a açıqlamasında deputat Kamran Bayramov deyib. Onun sözlərinə görə, Üçtərəfli Bəyanatda ayrıca bənd kimi göstərilib ki, Azərbaycanın əraziləri bu cür elementlərdən təmizlənməlidir:

"Amma reallıqda tam fərqli mənzərə ilə rastlaşırıq. Belə ki, erməni silahlı qüvvələrinin qalıqları orada qalıb. Bununla yanaşı, hərbi təxribatlar törədirlər. Bu cür addımlar sülhün olmasına xidmət etmir, gərginliyi daha da artırır. Dəfələrlə həm cənab Prezident, həm də ölkəmizin digər rəsmi şəxsləri regionda sülhün bərqərar olması üçün əsas şərtlərdən biri kimi məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsini bildiriblər. Amma bu tələbə əməl olunmadığını görürük. Azərbaycanın da səbri tükənməz deyil. Müəyyən cavab tədbirləri görülüb, əməliyyatlar keçirilib. Əgər bu cür vəziyyət davam edərsə, Azərbaycan müvafiq əməliyyatları başlatmaq hüququnu özündə saxlayır. Qeyd olunan birləşmələrin Azərbaycan ərazilərində mövcudluğu Ermənistana sərf edir. Onlar danışıqlar prosesinin qeyri-müəyyən müddətə uzadılmasına çalışırlar. Azərbaycan dəfələrlə mövqeyini bildirib ki, ərazimizdə heç bir digər dövlətin hərbi birləşmələrinin mövcudluğuna yol verilməyəck".

Deputat qeyd edib ki, Azərbaycan Ermənistandan fərqli olaraq öz müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edir:

"Azərbaycanın bu cür siyasəti, son həyata keçirdiyi əməliyyatlar onu deməyə əsas verir ki, tezliklə Ermənistan istəsə də, istəməsə də onların hərbi birləşmələri, yarımhərbi elementləri Azərbaycan ərazisindən təmizlənəcək. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik olmaqla ölkəmizin ərazisində mövcud olan istənilən bu cür ünsürləri məhv etməyə və ərazimizdən çıxarmağa hazırdır".

Xəbərlər