“Terroru dövlət siyasətinə çevirən Ermənistan kimi bir dövlətlə dostluq, qardaşlıq edən İrandan bunu gözləmək olardı…”
“Bu, Azərbaycan səfirliyinə - Azərbaycan dövlətinə qarşı törədilmiş terror aktıdır və İran dövləti tərəfindən həyata keçirilib. Çünki İran dövləti beynəlxalq hüquqa uyğun olaraq ərazisində yerləşən bütün səfirliklərin mühafizəsini öz öhdəliyi ilə təmin etməlidir. Lakin kadrlardan da göründüyü kimi postda dayanan İran polisi səfirliyimizə hücum edən şəxsə heç bir müqavimət göstərmir, o da İran polisinə qarşı heç bir addım atmır. Məqsəd məhz səfirlikdə terror aktı həyata keçirmək, oradakı bütün əməkdaşları terrorun qurbanına çevirmək olub. Səfirliyimizin qəhrəman mühafizəçilərindən biri şəhid oldu, digərləri yaralandı və onlar bununla səfirliyin başqa əməkdaşlarını terrorun qurbanına çevrilməkdən qorudular. İran dövləti ciddi şəkildə araşdırma aparmalı, Azərbaycan dövlətinə hesabat verməli, beynəlxalq hüququn prinsiplərinə əməl etməlidir. Terroru öz dövlət siyasətinə çevirən Ermənistan kimi bir dövlətlə dostluq, qardaşlıq edən İrandan bunu gözləmək olardı. Çünki İranın dostu terrorçu Ermənistandır və buna uyğun addımlar ata bilər. Şahid oluruq ki, digər ölkələrdə də Azərbaycan səfirliklərinə olan hücumların bu və ya digər, dolayı şəkildə arxasından İran çıxır. Ona görə də hesab edirəm, səfirliyimizə silahlı hücum Azərbaycan torpağına, dövlətinə qarşı atılan terror addımıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regionlar məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat iranlı diplomatların Bakıdakı İran səfirliyinin binasından qaçaraq avtomobilləri ilə uzaqlaşmaları, jurnalistlərə müsahibə verməkdən yayınmaları ilə bağlı suala isə belə cavab verib: “Qaçan diplomatlar şou düzəldirlər. Guya bunların da həyatına qarşı hər hansı təhlükə var. Jurnalistlərimiz etiraz edirlər, bu da Azərbaycan qanunvericiliyinə uyğundur. Hər bir insan, təşkilatlar istədiyi dövlət orqanı ilə, yaxud başqa məsələrlə bağlı səfirliyə öz etirazını bildirə bilər. Bu, normal bir haldır. Azərbaycan hüquqi dövlətdir. Azərbaycanda bütün səfirliklərin təhlükəsizliyi təmin olunur. Bu günə qədər hər hansı səfirliyə qarşı nə bir vandalizm aktı törədilib, nə terror, hücum olub. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Onlar - nə İran XİN, nə İran dövləti, nə İranın Azərbaycandakı səfirliyi hələ indiyə qədər səfirliyimizdə şəhid olan əməkdaşımızla bağlı Azərbaycan dövlətinə, Xarici İşlər Nazirliyimizə bir başsağlığı da göndərməyiblər. Elə burdan “xoruzun quyruğu” görünür…”
S.Novruzov səfirliyə qarşı həyata keçirilən terrorda SEPAH-ın və ermənilərin rolunun olduğu ilə bağlı fikirlərə də münasibət bildirib: “İran təkcə Azərbaycan səfirliyi ilə bağlı deyil, dünyanın başqa ölkələrində də öz terrorçu qrupları ilə tanınır. Ayrı-ayrı ölkələrdə illər boyu dəfələrlə belə terror aktları həyata keçirib. Bu da molla rejiminin əməlidir. Açıq-aydın bəllidir...”