Siyasət 21 Fevral 2023, 12:24 | Baxış sayı: 111
“Tarixin arxivində olan adamların seçkinin anti-demokratik keçməsi ilə bağlı yalan məlumatlar ötürməsinin heç bir əsası yoxdur”

“Cənab Prezident İlham Əliyevin Münxendə növbəti dəfə Azərbaycan xalqının, dövlətinin maraqlarını ciddi şəkildə müdafiə etməsi ermənipərəst və ermənilərə xidmət edən qüvvələri ciddi narahat edib. Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmişə azad, ədalətli, demokratik, dünyanın ən yüksək səviyyədə keçirilən seçkiləri səviyyəsində seçkilər keçirilib. Ermənistanda isə seçkilər həmişə anti-demokratik olub. Biz bunun şahidi olmuşuq ki, nə qədər insanlar həbs edilib, gülləbaran olunub, namizədlərə ciddi təzyiqlər göstərilib. Buna baxmayaraq, həmişə Avropa strukturları - istər Avropa İttifaqı, istər ATƏT, istər bununla bağlı olan digər strukturlar buna göz yumublar. Bu strukturlar öz maraqlarını həyata keçirmək, Azərbaycanın təbii sərvətlərindən istifadə etmək üçün bu və ya digər məsələlərdə həmişə təzyiq metodu olaraq insan hüquqları, söz azadlığı, seçki məsələləri ilə Azərbaycana qarşı manipulyasiya ediblər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat vurğulayıb ki, Azərbaycanda ilk dəfə məntəqələrin üçdə birində kameralar tətbiq edilib, birbaşa canlı bağlantı şəraiti yaradılıb: “Azərbaycandakı siyasi partiyalara, Qeyri-Hökumət Təşkilatlarına şərait yaradılıb ki, seçkilərdə müşahidəçiləri iştirak etsin. Azərbaycanda beynəlxalq müşahidəçilərin də seçkilərdə iştirakına hər zaman şərait yaradılıb. Təsəvvür edin, ATƏT Rusiya kimi dövlətə 200, Ukraynaya 150 müşahidəçi göndərirdisə, Azərbaycana 450-500-ə yaxın müşahidəçi göndərirdi. Bu prosesin şahidi olmuşuq. Vətəndaşlarımız azad şəkildə hüquqlarını ifadə ediblər. Azərbaycanda kimlərsə seçilməyibsə, xalq kimlərisə qəbul etməyibsə, onların üstündən xəttə çəkibsə, onları tarixin arxivinə tullayıbsa, belə halda bu adamların seçkinin anti-demokratik olması ilə bağlı həm öz ağalarına, həm də öz erməni dostlarına yalan məlumatlar ötürməsinin heç bir əsası yoxdur. Azərbaycanda hər hansı seçkinin aktuallığı yoxdur. Başqa ölkənin, dövlətin, şəxsin, fərdin nə deməsindən asılı olmayaraq, əsas hüquqi mənbə xalqdır. Çünki Konstitusiyada göstərilir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Xalq gəlib öz münasibətini bildirib, seçimini edib, sözünü deyib…”

Xəbərlər