Cəmiyyət 14 Aprel 2023, 14:48 | Baxış sayı: 136
“Sürücülük vəsiqəsi verərkən insanların sağlamlığı çox ciddi şəkildə yoxlanılmalıdır”

“Sürücülük vəsiqəsi veriləndə bütün meyarlar orada tam göstərməlidir. Əvvəllər müəyyən problemlər yaşansa da, belə başa düşürəm ki, bütün sahələrdə olduğu kimi, sürücülük vəsiqəsinin verilməsində də müsbətə doğru dəyişiklik var. Amma daha ciddi olmaq lazımdır. Sürücülərin sağlamlığı, psixoloji durumunun yerində olub-olmadığı, narkotik vasitələrdən istifadə edib-etmədiyi barədə həkim rəyi verilməlidir. Sürücünün bu cür problemi olmasa belə, mütləq yoxlanışdan keçməlidir. Normal ağlı başında adam olmalıdır ki, şəhərdə maşını düzgün idarə edə bilsin”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

 

Deputat bildirib ki, sürücü narkotik istifadəçisidirsə, təhlükə mütləq qaçılmazdır: “Belə halda həm sürücünün öz həyatı, həm də piyadaların, digər sürüclərin həyatı təhlükə altında qalır. Hətta bu yaxınlarda nikah məsələsi ilə də bağlı söhbət oldu. Təklif edildi ki, müəyyən meyarlarla yanaşı evlənmək istəyən cütlüklərin də narkotik istifadəçisi olub-olmadıqlarına aydınlıq gətirmək lazımdır. Çünki bu da ailələrin dağılmasına gətirib çıxarır. Sürücülük vəsiqəsi də eyni məsələdir. Nə qədər ciddi yoxlanılsa, təhlükə o qədər az olar. Buna görə də sürücülük vəsiqəsi verərkən insanların sağlamlığı çox ciddi şəkildə yoxlanılmalıdır. Adam var ki, sürücülük vəsiqəsi alandan sonra narkotikdən istifadə edir. Sürücü narkotikin təsiri altında polis tərəfindən saxlanılıbsa, artıq ciddi tədbir görülməlidir ki, bu cür hallar bir də təkrarlanmasın. Bu, hər bir vətəndaşın  problemidir. Çox ciddi yanaşılmalıdır”.

Xəbərlər