"Süni qiymət artımı çox ciddi problemə çevrilib".
“Süni qiymət artımı çox ciddi problemə çevrilib. Süni qiymət artımının Azərbaycanda qarşısının alınması üçün çox ciddi tədbirlər həyata keçirilməlidir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bəzi işlər görür: “Amma bu işlər geniş vüsət almalıdır”.
Deputat Azərbaycan saytlarına Rusiyada qadağa qoyulmasına da münasibət bildirib: “Amma Azərbaycanda “Sputnik-Azərbaycan” agentliyi fəaliyyət göstərir. Bu yaxınlarda da Abxaziyada, Osetiyada fəaliyyət göstərən bir generalı gətirib bu kanala rəhbər təyin ediblər. Bu kanalın, agentliyin fəaliyyəti dayandırılmalıdır. Mən buradan Media Agentliyinə və Mətbuat Şurasına müraciət edirəm. “Sputnik-Azərbaycan”nın fəaliyyəti araşdırılsın və bu agentliyin fəaliyyəti Azərbaycanda qadağan edilsin”.