Siyasət 24 Mart 2023, 18:53 | Baxış sayı: 117
"Sülh təklifi uzun müddət masa üzərində qala bilməz"

«Xalqımız son iki ildə olduğu kimi, bu il də, Novruz bayramını qürur hissi ilə qarşılayır. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: «Üçüncü dəfədir ki, Azərbaycan xalqı Novruz bayramını artıq, doğma Qarabağda qeyd edir. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq». 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.

Millət vəkili əlavə edib ki, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı, artıq, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib".

K.Bayramov qeyd edib ki, Azərbaycan 30 ildə beynəlxalq səviyyədə sülh yolu ilə həllini tapmayan münaqişəni  hərbi yolla həll etdi.
Dövlət başçımız Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində  bildirib: «Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir.» 

Biz işğalçı və vandal Ermənistan üzərində zəfər qazandıq. Olduqca şərəfli günlərimizi yaşamaqdayıq. İki yüz ildən bəri himayəçilərinin hərtərəfli dəstəyi ilə tarixi torpaqlarımızda saxta, kökü, əsası olmayan dövlət yaradıb xalqımıza qarşı qırğınlar törədən ermənilər nəhayət, layiq olduqları cavabı aldılar, ədalət zəfər çaldı. Bu müharibə həm də millətimizin qan yaddaşının, genetik kodunun, 1905 – 1907, 1918 – 1920, 1946 – 1952, 1988 – 2020-ci illərdə erməni cəlladlarının xalqımıza qarşı törətdikləri çoxsaylı soyqırımların, qətlə yetirilən onminlərlə günahsız soydaşımızın, vəhşicəsinə dağıdılan yaşayış məskənlərimizin intiqam savaşı idi. Ölkə Prezidenti hər zaman bildirirdi ki, biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Beləliklə də, şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. 

Deputat diqqətə çatdırıb ki,  20 faizə yaxın ərazimizin 28 ildən çox işğal altında qalması,  torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib.Bu gün isə ərazilərimizin işğaldan azad edilməsi həmin torpaqlara Böyük Qayıdışın və nəhəng quruculuq işlərinin başlanmasını zəruri edib. Dövlət başçımızın qeyd etdiyi kimi, bütün azad edilmiş torpaqlarda bərpa işləri aparılır. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb. Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib,ancaq, artıq, Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən etibarən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər ki, nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb.

K.Bayramov sonda əlavə edib ki, 30 illik işğal dövrünün reallıqlarından fərqli olaraq  hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf olaraq bu çağırışı  edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz. Azərbaycan ədaləti bərpa etdi, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu bəyan etdi. Amma, Ermənistan konstruktiv mövqe ortaya qoymur, dünya isə yenə də  seyrçi mövqedə dayanır. Konkret addımlar atmağın, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyin zamanıdır.”  Dövlət başçımızın  qeyd etdiyi kimi, hər kəsə, bütün dünyaya sübut etmişik ki,biz böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.

Xəbərlər