Siyasət 2 İyun 2023, 15:48 | Baxış sayı: 95
“Sərhədlərin delimitasiyası və demarkasiyası bağlı irəliləyişlər əldə oluna bilər”

"Bu cür görüşlərin keçirilməsi hər zaman vacibdir, çünki belə məsələlərin həlli bir görüşlə mümkün deyil. Mütəmadi olaraq Brüsseldə və Moskvada belə görüşlər təşkil olunur".

Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Vahid Əhmədov dövlət başçılarının Moldovada keçiriləcək görüşünü şərh edərkən deyib. 

Deputat hesab edir ki, Moldovada keçirilən görüşdə müəyyən nəticələr əldə oluna bilər:

"Bilirsiniz ki, son görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm məsələlər müzakirə olundu. Dəqiq deyə bilmərəm ki, bu görüşdə hansısa saziş imzalanacaq. Yəni, burada söhbət sülh sazişinin imzalansından gedir, ancaq sərhədlərin delimitasiyası və demarkasiyası məsələsiylə bağlı müəyyən irəliləyişlər əldə oluna bilər".

Deputat bildirib ki, ölkə prezidenti Laçında çıxışı zamanı erməni ictimaiyyətinə çox ciddi mesajlar verdi:

"Həm Qarabağda yaşayan ermənilərə,  həm də Ermənistan dövlətinə ünvanlanan mesajlar bir daha onu göstərdi ki, dövlət başçısı faktiki olaraq bu məsələlərin həll olunmasını tezləşdirmək istəyir. Əsas da sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışır.  

Əlbəttə ki, sülh müqaviləsinin imzalanmasına maneə olan dövlətlər də az deyil. Onlardan biri elə Rusiyadır. Rusiya dövləti istəmir ki, Qarabağdan öz qoşununu çıxartsın və ermənilərə daha çox yardım etmək istəyir. Hətta, bugünədək 10 noyabr sazişini faktiki olaraq icra etmirlər. 

Fikrimcə, istənilən görüşün müsbət cəhətləri var, amma bizə əsas lazım olan sülh sazişi imzalanması və Zəngəzur dəhlizinin açılmasıdır".

V.Əhmədov qeyd edib ki, bu görüşdə Fransa prezidenti E.Makron da iştirak edəcək:

"Ümumiyyətlə, Fransa prezidenti Emmanuel Makron başda olmaqla, bu ölkə hər zaman Azərbaycanın əleyhinə fəaliyyət göstərib. Müharibə dövründə də, ondan əvvəl də, ondan sonra da bu fəaliyyət aparılıb. Ona görə də Makrondan Azərbaycan lehinə hər hansı müsbət nələrisə gözləmək olmaz". 
 

Xəbərlər